Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan APA-ya bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının İvanovo vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Fransa Respublikasının Overn-Rona-Alplar inzibati ərazi vahidində Aueski xəstəliyi, Bolqarıstan Respublikasının Haskovo, Rumıniya Respublikasının Timiș, Slovakiya Respublikasının Bratislava inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının İvanovo vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Fransa Respublikasının Overn-Rona-Alplar regionundan diri donuzların və donuz mənşəli məhsulların, habelə Bolqarıstan Respublikasının Haskovo, Rumıniya Respublikasının Timiș, Slovakiya Respublikasının Bratislava inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Fransa, Bolqarıstan, Rumıniya, Slovakiya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.