Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə günü Beekse Bergen safari parkında baş verib.
Təxminən 40 illik iş təcrübəsi olan qadın iki erkək İran bəbirinin saxlanıldığı volyerdə işləyərkən baş və boyun nahiyələrindən ağır xəsarətlər alıb. Bu barədə parkın rəhbərliyi məlumat verib.
Zərərçəkən qadın çərşənbə axşamı dünyasını dəyişib. Niderlandın şəxsi məlumatların qorunması haqqında qanunvericiliyinə uyğun olaraq onun adı açıqlanmır.
“Onun ölümü hamımızı dərindən sarsıdıb. Ailəsinə, dostlarına və yaxınlarına səmimi başsağlığı veririk”, – safari parkının rəhbərliyi və mərhumun ailə üzvlərinin birgə bəyanatında bildirilib.
Qadın 17 yaşında zooparkda işləməyə başlayıb və təxminən 40 illik karyerasının böyük hissəsini burada keçirib. Hücumdan sonra o, ratsiya vasitəsilə həmkarlarına xəsarət aldığını çatdıra bilib.
Yerli vaxtla saat 11:00 radələrində parka təcili tibbi yardım briqadası və tibbi helikopter gəlib. Qadın üzərində təcili əməliyyat aparılsa da, bazar günü axşam onun vəziyyəti pisləşib. Bundan sonra parkın nümayəndələri qadının sağ qalacağına ümid etmədiklərini bildiriblər.
Hadisənin səbəbləri araşdırılır. İstintaqçılar əməkdaşın yırtıcı heyvanlarla birlikdə niyə volyerin içərisində olduğunu müəyyən etməlidirlər. Çünki parkın qaydalarına əsasən, işçilərə adətən belə heyvanlarla eyni məkanda olmaq qadağandır.
Safari parkı Niderlandın cənubundakı Hilvarenbek şəhərində yerləşir. Parkın rəhbərliyi ziyarətçilərin və əməkdaşların başsağlığı qeydləri yaza bilməsi üçün ərazidə xüsusi yer yaratmağı planlaşdırır.
