Badam depressiyaya qarşı həqiqətən faydalıdır? –Alimlər bu mifi açıqladılar

Badamın müntəzəm istehlakı narahatlıq və depressiya əlamətlərinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmur.

Bu barədə The Journal of Nutrition (JN) məlumat yayıb.

Alimlər bu nəticəyə yüngül və ya orta dərəcəli narahatlıq və depressiya əlamətləri olan 84 nəfərin iştirak etdiyi randomizə edilmiş nəzarətli araşdırmanın nəticələri əsasında gəliblər. İştirakçıların orta yaşı 25 olub.

12 həftə ərzində bir qrup könüllü hər gün 56 qram badam qəbul edib. Nəzarət qrupunun iştirakçılarına isə eyni kaloriyə yaxın qida dəyərinə malik qəlyanaltı verilib.

Eksperiment başa çatdıqdan sonra tədqiqatçılar iki qrup arasında narahatlıq və depressiya əlamətlərinin səviyyəsinə görə statistik baxımdan əhəmiyyətli fərq aşkar etməyiblər.

Badam həmçinin bağırsaq mikrobiotasının tərkibinə və qısa zəncirli yağ turşularının səviyyəsinə ciddi təsir göstərməyib.

Bununla belə, badam qəbul edən iştirakçılarda bərk nəcisə daha az rast gəlinib. Mədə-bağırsaq sisteminin digər göstəricilərində isə demək olar ki, dəyişiklik müşahidə olunmayıb.

Tədqiqatın müəllifləri hesab edirlər ki, badamın psixi vəziyyətə təsiri hazırda məhdud görünür. Onların fikrincə, qoz-fındıq məhsullarının psixi sağlamlığa mümkün təsirlərini müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.