Bu ilin birinci yarısında Azərbaycanda magistral neft kəmərləri ilə 17 458,1 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,9% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 74,9%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və yanvar-iyun aylarında kəmər vasitəsilə 13 072,3 min ton neft ötürülüb (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 11%-lik azalma).
“Dövr ərzində BTC kəməri ilə 1 649,8 min ton tranzit nefti də (21,4% azalma – red.) nəql edilib”, – məlumatda deyilir.
Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
Xatırladaq ki, “BTC Co.”nun səhmdarları sırasına isə BP (30,1%), “AzBTC” (25%), MOL (8,9%), “Equinor” (8,71%), TPAO (6,53%), “Eni” (5%), “Total” (5%), ITOCHU (3,4%), INPEX (2,5%), “ExxonMobil” (2,5%) və “ONGC (BTC) Limited” (2,36%) şirkətləri yer alıb.(APA)