“Bakı Rusiya qarşısında sülhməramlıların çıxarılması məsələsini qaldırıb” –Elmar Məmmədyarov

“Azərbaycan Rusiya qarşısında sülhməramlıların çıxarılması məsələsini qaldırıb”.

Azpost.info bildirir ki, bu barədə sabiq xarici işlər naziri Elmar Məmmədyarov  “Turan” Agentliyinə açıqlamasında deyib.

Keçmiş nazir hesab edib ki, Rusiya sülhməramlılarının Qarabağda qalmasının motivi yox idi: “2023-cü ilin sentyabrına qədər Qarabağda ermənilər yaşayırdı və 2020-ci ilin bəyanatında Rusiya sülhməramlılarının bölgəyə gətirilməsinin məqsədi əks olunmuşdu. Amma indi Qarabağda erməni yoxdur, onlar kimi qoruyacaq?! Bir ara Rusiya rəsmiləri deyirdi ki, ermənilərin qayıtması üçün şərait yaratmağa hazırdırlar. Amma sonra başa düşdülər ki, onlar qayıtmayacaq, çünki Azərbaycan onların vətəndaşlığı qəbul etməsi tələbini qoymuşdu. Onlar isə bu tələbi qəbul etmədilər. Ona görə Rusiya sülhməramlılarının bölgədə qalmasının motivi sıradan çıxdı”.

E.Məmmədyarov inanmır ki, Rusiya bölgədə hərbi kontingentinin bir hissəsini saxlasın: “Bəli, vaxtilə mən də demişdim ki, onları minatəmizləmə işlərinə cəlb etmək olar, çünki bekar oturmaqdansa, sülhməramlıların minaların təmizlənməsində təcrübələrindən yararlanmaq mümkündür. Yəqin ki, bu alınmadı və qərar bölgəni tərk etmələri oldu”.

E.Məmmədyarov Rusiyanın sülhməramlıları çıxartmaq şərti ilə rəsmi Bakının üzərinə hansısa öhdəlik qoyulması barədə deyilənləri bölüşmür: “Yox, inanmıram. Məsələ ondadır ki, Qarabağ Azərbaycan ərazisidir və qanunvericiliyimizə əsasən, ölkədə xarici ölkələrin hərbi bazalarının saxlanılması qadağandır. Əvvəldə dediyim kimi, bölgədə ermənilər də qalmayıb ki, onları qorusunlar. Bütün hallarda sualınıza ya Xarici İşlər Nazirliyindən, ya da Prezident Administrasiyasından cavab verilə bilər, mənim məlumatım yoxdur”.

“Onsuz da Azərbaycan Rusiya üçün dəhlizlərin açılması baxımından çox önəmli qonşudur”,- Məmmədyarov fikrini tamamlayıb.

Azpost.info

 

Əvvəlki məqalə

“Hər kəs bilsin ki, ABŞ İsrailin təhlükəsizliyinə sadiqdir”

Sonrakı məqalə

Türkiyədə 5,6 gücündə zəlzələ olub