Bakıda əsgərin özünü güllələməsi faktı ilə bağlı cinayət işi başlanıb

08 May 2020 - 11:45

Penitensiar Xidmətin əsgərinin özünü güllələyərək intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev APA-ya açıqlamasında bildirib ki, prokurorluğa daxil olmuş sözügedən məlumat əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər hərəkətlər icra edilib: “Fakt üzrə Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir”.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.