Bakıda ağır əməliyyat keçirən 52 yaşlı qadın dünyaya əkiz uşaqlar gətirib –FOTO

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında daha bir xəstə ana olmaq sevincini yaşayıb.

Klinikanın cərrah-ginekoloqu Fərhad Sultanov Azərtac-a bildirib ki, 51 yaşlı qadının uşaqlıq boşluğundakı miomalar laparoskoik üsulla götürülsə də, bir il sonra həmin qadın əkiz sağlam uşaqlar dünyaya gətirib.

Cərrah F.Sultanov qeyd edir ki, bir il öncə həmin qadın uşaqlıq boşluğunu deformasiya edən intramural-submukoz miomalar diaqnozu ilə klinikaya müraciət edib: “Pasiyentin yaşını nəzərə alaraq, ona histeroektomiya, yəni uşaqlığın götürülməsi əməliyyatı təklif olunub. Xəstə isə ana olmaq arzusunda olduğunu, ona görə də uşaqlığı saxlamağı israrla xahiş edib. Aparılan müayinələr və klinik hal imkan verdiyinə görə, xəstədə laparoskopik miomektomiya əməliyyatı icra edilərək uşaqlıq saxlanılıb. Bundan sonra xəstə süni mayalanma ilə əkiz dölə hamilə qalıb və hamiləliyi 35 həftəyə qədər çatdırıb. Ana bətnində uşaqların çəkiləri 2.300 kq (qız) və 2.200 kq (oğlan) olub. 52 yaşlı hamilə qadının 3 ədəd laparoskopik miomektomiya keçirmiş uşaqlığı nəinki 1 döllü, hətta iki döllü hamiləliyə dözüb, həm də döllərin ümumi çəkisi 5 kiloqrama yaxın olan hamiləliyi 35 həftəsinə qədər saxlayıb, hətta “ruptura uteri” (uşaqlığın yırtılması) fəsadlaşması təhlükəsi də olmayıb”.

F.Sultanovun sözlərinə görə, bu fakt “hamilələrdə laparoskopik miomektomiyadan sonra ruptura təhlükəsi daha çox olur” kimi yanlış fikirlərə bir cavabdır. Sadəcə götürülən miomanın yatağını düzgün bərpa etmək vacibdir. Bunun laparotomiyada olduğu kimi laparoskopiyada da icrası mümkündür. Doktor hesab edir ki, yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər bir qadına ana olmaq sevincini yaşatmaq lazımdır: “Bu sevinci yaşamayan qadınlarda mütləq göstəriş olmadan yalnız yaşına görə uşaqlığı götürmək düzgün deyil. Ümumiyyətlə, bütün əməliyyatlar göstəriş əsasında olmalıdır, sığortalanmaq xatirinə yox”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənilər Şuşadan “İskəndər”lə Abşeronu vurmaq istəyiblər” –

Sonrakı məqalə

“Peyvəndlə bağlı saxta sənəd barədə məlumatlar yayılır” –