Bakıda arvadını qətlə yetirən şəxs tutulub

26 İyul 2021 - 10:21

İyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xatirə Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Meyxoş Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.