Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibəti ilə paytaxtın 3 fərqli nöqtəsində “Kənddən Şəhərə” Ramazan yarmarkası təşkil olunacaq. 23-24 may tarixlərində baş tutacaq yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edəcək.
Bu barədə “Report”a qurumdan bildirilib.
Məlumata görə, “Kənddən Şəhərə” Ramazan yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
“Koronavirus pandemiyası ilə əlaqədar olaraq, “Kənddən Şəhərə” yarmarkalarının fəaliyyətində müvəqqəti fasilə yaranmışdı. Bu səbəbdən Ramazan yarmarkası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunacaq. Belə ki, fəaliyyətə başlamazdan əvvəl yarmarkaların keçiriləcəyi ərazilərdə koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiya işləri aparılacaq, yarmarka ərazisinə daxil olan fermerlərin və ziyarətçilərin temperaturları ölçüləcək, fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunacaqlar”, – məlumatda bildirilir.
“Kənddən şəhərə” Ramazan yarmarkası aşağıdakı ünvanlarda baş tutacaq:
Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (İnqilab kinoteatrının yanı)
Nərimanov rayonu, Gənclik metro stansiyasının yanı
Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsal olub, iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır. Yarmarkalarda paytaxt sakinlərinə təqdim olunan məhsulların qiyməti digər satış mərkəzlərindən və bazarlardan münasibliyi ilə fərqlənir, aztəminatlı ailələrin, həmçinin digər paytaxt sakinlərinin büdcəsinə uyğun olur.