Bakıda “tiryəkxanalar” aşkarlanıb-

32 nəfər tutulub - VİDEO - FOTO
24 Avqust 2021 - 15:25

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 32 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Əbülfəz İmanov saxlanılıb. Onun üzərinə və qəsəbə ərazisində yaşadığı evə baxış zamanı ümumi çəkisi 1 kiloqram 13 qram olan heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində əsasən Hövsan qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Bundan başqa Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Zığ qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Tural İsmayılov da saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan və evinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 kiloqram 800 qram heroin, 4 qrama yaxın psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Həyata keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib. Əməliyyat zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Tərlan Sadıqov, Əlimurad Cərullayev, İsmayıl Səlimov, Vüqar Həşimov, Namaz Dadaşov, Rauf Əsgərov, İsmayıl Əliyev, Bilal Qurbanlı və Həmid Mehbullayev saxlanılıblar. Bu şəxslərdən də külli miqdarda heroin və metamfetamin aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Elcan Şahverdiyev, Ərxan Qurbanov, Qurban Qurbanlı, Əli Əlizadə, Eldəniz Qasımov, Səkinə Namazova və Nərmin Muradova tutulublar. Onların da üzərindən külli miqdarda heroin və netamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Əmircan, Bülbülə və Qaraçuxur qəsələrində narkotik vasitə və psixotrop maddələlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 14 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində Hüseyn Əliyev, İsmayıl İsmayılov, Ziya Şükürov, Cavidan Fərzəliyev, Leyla Aslanova, Günay Bəkirova, Zaur Quliyev, Fikrət Məmmədov, Rəşad Salmanov, Pərviz Əmirbəyov, Ceyhun Məmmədov, Elşən Əliyev, Kamal Baxışov və İlqar Əsmətov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.