Bakının Baş Planı müzakirələrdən keçib- Elbay Qasımzadə

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qısa zaman kəsiyində nəhəng quruculuq və inşaat işlərinin aparılması dünya təcrübəsində nadir hadisələrdəndir. Artıq yol infrastrukturu sahəsində işlərin demək olar ki, əksəriyyəti icra olunub. Mühəndisi qurğular, mühəndisi xətlər, bölgələrdə ictimai və yaşayış evləri tikilir. Şəhərlərin və qəsəbələrin baş planları tərtib olunur.

Bu sözləri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalmanın və memarlığın inkişafı” mövzusunda keçirilən Qış Plenumunda jurnalistlərə müsahibəsində deyib.

E.Qasımzadə vurğulayıb ki, bu işlərin görülməsində əsas faktorlardan biri Prezident İlham Əliyevin daxili və xarici uğurlu siyasəti və iradəsi olub.

“Həmçinin ölkənin iqtisadi imkanları olmalıdır. Etiraf edək ki, burada insan və mütəxəssis amili də başlıca rol oynayır. Azərbaycanda kifayət qədər mütəxəssis var. Əlbəttə ki, bizim mütəxəssislərimizlə yanaşı xarici mütəxəssislər də çalışırlar. Ona görə də, biz tam arxayınıq ki, yaxın zamanda sözügedən ərazilərdə görülən işlərin nəticəsini görəcəyik”, – deyə E.Qasımzadə əlavə edib.

Memarlar İttifaqı İdarə Heyətinin sədri, həmçinin Bakının Baş Planının hazır olduğunu və müzakirələrdən keçdiyini bildirib. Onun sözlərinə görə, Baş Plan qısa müddətdə təsdiqlənəcək: “Yeni planın əsas məqsədi Bakının mövcud ərazisinin daha səmərəli istifadə olunması, nəqliyyat problemlərinin, mühəndisi qurğuları problemlərinin həll olunması, ekologiya və digər məsələlərdir”.

Əvvəlki məqalə

Suraxanının qaz təchizatında fasilə yaranacaq

Sonrakı məqalə

Cenevrədə neokolonializm mövzusunda keçirilmiş beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul edilib