Bakının Baş planının İçərişəhər ətrafında olan ərazilərə böyük təsiri olacaq- Elbay Qasımzadə

Bir neçə il əvvəl Azərbaycan Memarlar İttifaqı tərəfindən təklif olunan Bakının mərkəzi hissəsinin sərhədləri müəyyənləşdirilib. Bununla bağlı xüsusi reqlamentlərin qoyulması təklifi qəbul olunub.

Bunu Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na münasibət bildirərkən qeyd edib.

“Təklifi Prezident İlham Əliyevin yaradıcı insanlarla görüşündə səsləndirdik. Təklif dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi və müvafiq tapşırıqlar verildi. Tapşırığa əsasən, yeni Baş planda bu ərazilər müəyyənləşib. Bu, təqribən 400-500 hektarlıq böyük bir ərazidir. Bu ərazidə gələcəkdə tikinti və digər fəaliyyət kifayət qədər məhdudlaşdırılır. Bura, həmçinin tikintilərin hündürlüyü, sıxlığı və s. daxildir. Sözügedən ərazidə eyni zamanda nəqliyyat vasitələrinə də məhdudiyyətlər qoyulur”, – deyə Azərbaycan Memarlar İttifaqının sədri vurğulayıb.

İçərişəhərə gəlincə, Elbay Qasımzadə İçərişəhərin qoruq olmaqla yanaşı, Bakı şəhərinin bir hissəsi olduğunu qeyd edib. Sədr onu da qeyd edib ki, İçərişəhərin özünün inkişaf planı var və bu plan əsasında da fəaliyyət göstəriləcək: “Yəni Bakının Baş planının İçərişəhər ətrafında olan ərazilərinə böyük təsiri olacaq. Buna baxmayaraq, İçərişəhər öz-özlüyündə bir qoruq olaraq öz inkişaf planı əsasında fəaliyyətini quracaq”(azərtac).

Əvvəlki məqalə

Rusiyada Şimali Koreyaya turist paketləri satılır

Sonrakı məqalə

“Əgər banklar kiberhücuma hazır deyilsə, necə olacaq?” –