“Bakının vurduğu Rusiya hucum helikopteri Naxçıvanda nə gəzirdi?” –

Putinin eks müşaviri "Əliyev Qarabağı torbaya saldı" dedi (VİDEO)
07 Sentyabr 2021 - 19:12

Rusiya Prezidenti Vladimir Putinin keçmiş müşaviri, politoloq Andrey İllarionovun 44 günlük müharibənin başa çatmasından sonra verdiyi müsahibənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılmağa başlayıb.

Ötən ilin noyabrında verdiyi müsahibəni təqdim etməyimizin səbəbi orada İllarionovun 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanatla bağlı maraqlı məqamlara toxunması və bunun sosial şəbəkələrdə hazırda ciddi müzakirə olunmasıdır.

Azpost.info EDNews.net-ə istinadən bildirir ki, İllarionov Naxçıvanla sərhəddə vurulan Mi-24 helikopterinə aydınlıq gətirib. O bildirib ki, bu, hərbi-nəqliyyat və yaxud digər helikopter yox, məhz Mi-24 hücum maşınıdır: “Mi-24 Naxçıvanla sərhəddə, Zəngəzurda vuruldu. Sual oluna bilər ki, 102-ci bazanın hücum helikopteri orda nə gəzirdi? 102-ci baza Gümrüdə yerləşir, Türkiyə sərhədində. Zəngəzurda isə nə Türkiyə ilə sərhəd var, nə də bu ərazi 102-ci bazanın əhatə dairəsinə daxildir. Bəs, Mi-24 orda nə gəzirdi?”

Bu suallara aydınlıq gətirən İllarionov iddia edib ki, Mi-24 Qarabağa gedən rus ordusunu müşayiət edirdi. Rus ordusu orada sülhməramlı missiya yerinə yetirəcəkdi: “Amma niyə Putin sülhməramlı missiyanı Gümrüdə yerləşən 102-ci bazanın əsgərlərinə yox, Qarabağdan 1500 km uzaqlıqda yerləşən Ulyanovskdakı 15-ci motoatıcı briqadaya tapşırdı? Niyə bu ilkin tapşırıq Gümrüdə yerləşən əsgərlərə verilmədi? Gümrüdə yerləşən ordu Laçına daha yaxındır, nəinki Ulyanovskdan gələn əsgərlər. Təbii ki, Putin əvvələcə 102-ci bazanın əsgərlərini sülhməramlı missiyası üçün göndərdi və helikopter onları müşayiət edirdi. Cənab Əliyev də bununla razılaşmadı: Yox, bunlar olmaz! Ermənistan ərazisində yerləşən ordu sülhməramlı ola bilməz! Aydındır ki, rus ordusunu öncədən qəbul edən Ermənistan tərəfi ilə onlar arasında simpatiya və ünsiyyət yaranmışdı. Helikopterin vurulması məhz bunun qəbuledilməzliyinə dair bir işarə idi”.

Onun sözlərinə görə, Putin bu olaydan qəzəblənmədi, əksinə, dedi ki, bağışlayın, 102-ci baza sülhməramlı missiyasını qəbul etməyəcək. Onun yerinə Ulyanovskdan 15-ci motoatıcı briqada gətiriləcək: “Əlbəttə ki, Ulyanovskdan ordunun Qarabağa gəlməsi daha çox vaxt aparırdı və bu müddət ərzində Azərbaycan ordusu Qarabağda daha nələrsə edə bilərdi. Bu, onu göstərir ki, Azərbaycan müharibədə real olaraq yalnız qalib deyil, həm də diktə edən tərəfdir.

Digər vacib məsələyə diqqət edək: Bəyannamənin bəndlərini məhz Əliyev oxudu, Putin yox! Diqqət edin – Əliyev! Əliyev onu oxudusa, deməli, əsas müəllif də Əliyevdir. Kreml mətbuatı Putin və Lavrovun sənədi işləməsi barədə çox şey yaza bilər. Amma oxuyan Əliyev idi, diktə edən də o idi. Bu onu sübut edir ki, danışıqların əsas şəxsi Əliyev idi. Əliyev öz məqsədinə çatdıqdan sonra Putinlə razılaşdı. Razılaşma olmasaydı, Azərbaycan ordusu Xankəndini ala bilərdi, bu, sual doğurmur. Lakin görünür, Əliyevə bu lazım deyildi. Ona Azərbaycan xalqının simvolu olan Şuşa lazım idi. Şuşanı götürməklə o, əsas strateji yolu götürdü, Qarabağı Ermənistanla birləşdirən yolu ələ aldı. Daha sonra ikinci yolu Kəlbəcəri götürməklə əldə etdi. Bununla da bütün Qarabağı torbaya saldı. Bu, Əliyev üçün bütün Qarabağı ələ keçirməkdən daha vacib, daha sərfəli idi, nəinki bütün Qarabağda Azərbaycan Ordusunun oturması. Ona Qarabağı mühasirəyə almaq lazım idi. Bu mühasirə Ermənistan üçün yox, Rusiya üçün idi. O da bunu aldı və nümayiş etdirdi. O bəyanatı da nə Putin, nə Ərdoğan, məhz Əliyev diktə etdi”.