“Bakıya səfər etmək mənim üçün xoşdur…” –

İranın xarici işlər nazirinin müavini
22 Sentyabr 2021 - 10:27

“Araşdırma mərkəzlərinin üçtərəfli müzakirələrində iştirak etmək üçün Bakıya səfər etmək mənim üçün xoşdur. Bildiyiniz kimi, bu müzakirələrdə Azərbaycan, İran və Türkiyənin araşdırma mərkəzləri iştirak edir. Bizim hər birimizin arasında çox yaxşı ikitərəfli münasibətlər var, lakin biz düşünürük ki, həmçinin, üçtərəfli format üzərində də işləməliyik”.

Bunu Bakıda İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur deyib.

O bunun araşdırma və beyin mərkəzlərinin görüşü olduğunu bildirib: “Bu onu ifadə edir ki, biz region barədə, mövcud ikitərəfli münasibətlərin daha effektiv üçtərəfli formata çevrilmə potensialı barədə düşünürük. Ona görə də bu görüşün hamımız üçün böyük önəmi var. İnanırıq ki, beyin mərkəzləri hər hansı ikitərəfli münasibətlərdə rol oynayır, bu, münasibətlərin bir parçasıdır. Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz yaxşıdır, eyni zamanda bu, Türkiyə ilə də belədir. Ümid edirəm ki, biz görüşlərdə daha effektiv regional əməkdaşlığı müzakirə edəcəyik”. (APA)