Bayden 3 lideri Amerika Zirvəsinə çağırmadı –8 ölkə də ABŞ prezidentini boykot etdi

Bayden administrasiyası iyunun 8-də başlayan və sabah yekunlaşacaq Amerika Zirvəsinə bir sıra avtoritar dövlətlərin prezidentlərini dəvət etməyib.

Azpost.info xəbər verir ki, “qara siyahı”ya Migel Dias-Kanel (Kuba), Daniel Orteqa (Nikaraqua) və Nikolas Maduro (Venesuela) düşüb. Meksika prezidenti Andres Manuel Lopez Obrador, Boliviya lideri Luis Arce və Hondurasın rəhbəri Siomara Kastro da həmrəylik nümayiş etdirərək Zirvədə iştiraklarını ləğv ediblər.

Bundan başqa, Qvatemala, Uruqvay və Salvador liderləri, eləcə də iki kiçik Karib ölkəsi də toplantıya qatılmayıb. Maraqlıdır ki, ABŞ prezidenti Co Bayden Zirvədən Şimali, Mərkəzi və Cənubi Amerika arasında münasibətləri gücləndirmək üçün istifadə etmək istəyir.

Belə ki, görüş zamanı miqrasiya, enerji və iqlim dəyişikliyi ilə bağlı bir sıra təşəbbüslərin irəli sürüləcəyi gözlənilir. Sammitin gündəliyi iddialı olsa da, iştirakçıların siyahısı müzakirələrin nəticəsi ilə bağlı suallar yaradır. DPA agentliyi yazır ki, Meksika və Mərkəzi Amerikanın ABŞ-ın cənub sərhədindəki miqrasiya böhranını həll etmək üçün əhəmiyyəti nəzərə alınarsa, məlum boykot Bayden üçün diplomatik uğursuzluqdur.

Amerika Zirvəsi 30-dan çox iştirakçını birləşdirən Amerika Dövlətləri Təşkilatının himayəsi altında bir neçə ildən bir keçirilən, Qərb yarımkürəsi ölkələrinin dövlət və hökumət başçılarını bir araya gətirən toplantıdır. Bu dəfə görüş ABŞ-ın ev sahibliyi ilə Los-Ancelesdə keçirilir.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycan, Türkiyə və Ermənistan arasında sürətli nailiyyətin əldə olunmasını istəyirik” –

Sonrakı məqalə

“Hamı Üçtərəfli bəyanatları rəhbər tutmalıdır” –