“BAZAR QİRAƏTİ”-"Bomba" (HEKAYƏ)

Azpost.info “Bazar qiraəti” layihəsində Azərbaycanın görkəmli yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin “Bomba” hekayəsini təqdim edir:

___

Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:

– A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!

Kərbəlayi Zal cavab verərdi:

– Arvad, sən hökumətin ləzzətini anlamırsan, Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.

Belə danışıqdan sonra arvad həmişə sakit olardı.

– Nə deyirəm, kişi, özün bil!

Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:

– Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır… Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək bir sınıq balta da tapmayıbsan. Görünür; sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.

Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:

– Nə var?

Dedi:

– Heç, bir az başım ağrıyır.

Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə, gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula.

Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.

Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: «Daha baxtının ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”.

O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.

– Vot Patap, bomba rabatay!

–  Qde?

–  Dom Feyzulla bomba pirnesom.

Patap – İvana xəbər elədi, İvan – oqolodoçniyə, oqolodoçin – pristava, pristav – qalabəyinə, qalabəyi – jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evini qazaq, saldat, qorodovoy bürüdü.

Qapını döydülər. Usta Feyzulla çıxdı, xəbər aldı:

–  Kimsən?

Dedilər:

–  Aç qapını.

Qapını açan tək binəvanın dili tutuldu. Bir təhər soruşdu ki, “Bəs, niyə buyurubsunuz?”, dedilər:

– Danışma, gərək sənin evin axtarılsın!

Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə iki çuval qoyulub.

Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:

– Barin, vot, vot bomba!

Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”.

Yazıq Feyzullanı da, qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi:

– Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim.

Feyzullanın qolunu açdılar. Gəlib çuvalların ağzını açıb içindən beş dənə qarpız çıxartdı.

O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.

Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşaya getməyən ABŞ, Rusiya və Fransa səfirləri rəsmən təcrid olunmalıdır” –

Sonrakı məqalə

Şeyxülislam və din xadimləri Şuşada camaat namazı qılıb –