Belarusda 25 siyasi məhbusun azadlığa buraxılması prosesinə başlanılıb.
“Viasna” İnsan Hüquqları Mərkəzinin məlumatına görə, sentyabrın 15-də axşam bəzi məhbusların yaxınları onların artıq sentyabrın 16-da səhər saatlarında cəzaçəkmə müəssisələrindən götürülə biləcəyini öyrəniblər.
Bu qərar ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koulla Belarus Prezidenti Aleksandr Lukaşenko arasında Minskdə keçirilən görüşdən sonra açıqlanıb.
Koul sentyabrın 16-da bildirib ki, Belarus “xoşməramlılıq jesti” olaraq 25 nəfəri azad edəcək.
Bunun qarşılığında ABŞ Belarusun iki şirkətinə – “Lakokraska” və “Bellesbumprom”a tətbiq olunan sanksiyaları aradan qaldıracaq.
“Xoşməramlılıq jesti olaraq Belarus 25 nəfəri azad edəcək. ABŞ isə öz növbəsində Belarusun iki şirkətinə – “Lakokraska” və “Bellesbumprom”a qarşı sanksiyaları aradan qaldıracaq”, – deyə Koul bildirib.
Qeyd edək ki, Con Koulun bundan əvvəl Belarus səfərləri də siyasi məhbusların azadlığa buraxılması ilə nəticələnib.