Biləsuvarda övladını su kanalına atan ana intihar etmək istəyib

14 Avqust 2021 - 14:00

Avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini, 2020-ci il təvəllüdlü Zakir Hacıyevə (ad şərtidir) məxsus meyitin Biləsuvar RMX-yə daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Biləsuvar prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin anası 1991-ci il təvəllüdlü Reyhan Hacıyeva (ad şərtidir) həmin gün saat 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atmış, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.