05 avqust 2026-cı il tarixində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyi tərəfindən icra olunan “Yaşıl enerji ilə təmiz gələcəyə doğru” maarifləndirmə tədbirlərinin təşkili layihəsi çərçivəsində iştirakçılar üçün Biləsuvar Günəş SPV Layihəsinə tədris səfəri təşkil olunub.

QHT.az xəbər verir ki, tədris səfərinin məqsədi iştirakçıları ölkəmizdə həyata keçirilən müasir bərpaolunan enerji layihələrindən biri ilə yaxından tanış etmək, günəş enerjisinin istehsalı prosesi barədə onların praktiki biliklərini artırmaq olub.

Səfər zamanı iştirakçılara günəş panellərinin quruluşu və iş prinsipi, alternativ enerji mənbələrinin üstünlükləri, günəş enerjisinin elektrik enerjisinə çevrilməsi texnologiyası, eləcə də istehsal olunan elektrik enerjisinin elektrik şəbəkəsinə ötürülməsi prosesi barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, layihə ərazisində həyata keçirilən işlər və stansiyanın fəaliyyət mexanizmi yerində nümayiş etdirilərək iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Tədris səfəri iştirakçıların bərpaolunan enerji texnologiyaları haqqında nəzəri biliklərini praktik müşahidələrlə zənginləşdirməyə, yaşıl enerji sahəsində həyata keçirilən müasir layihələr barədə məlumatlılığını artırmağa və ekoloji məsuliyyətin təşviqinə xidmət edib.