“Birləşmiş Ərəb Əmirlikləri islam dünyasına xəyanət etdi” –

Xameneyi
01 Sentyabr 2020 - 18:08

İranın Ali dini lideri Ayətulla Əli Xameneyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsraillə münasibətləri normallaşdırmaqla bağlı tarixi sazişini “çox duruş gətirməyəcək” “xəyanət” adlandırıb.

Xameneyi sentyabrın 1-də çıxışında deyib ki, “islam dünyası və ərəb dövlətləri, region ölkələri və Fələstinə” qarşı “xəyanət” törədilib.

Yüksək səviyyəli birgə ABŞ-İsrail nümayəndə heyəti isə Əbu Dabiyə səfərini yekunlaşdırıb, İsraillə BƏƏ arasında ilk birbaşa uçuş həyata keçirilib.

İsrail və BƏƏ avqustun 13-də tam diplomatik münasibətlər qurduqlarını bəyan ediblər. ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş sazişdə İsrail Qərb sahildə tutduğu əraziləri ilhaq planlarını təxirə salır.

BƏƏ İsraillə tam diplomatik əlaqələr quran ilk Körfəz ərəb ölkəsi və üçüncü ərəb ölkəsidir. Əbu-Dabi bildirib ki, münasibətlərin normallaşması ilə İsraili ilhaq planlarını dayandırmağa məcbur edə bilər. Fələstinlilər Qərb sahildə sözügedən əraziləri gələcək dövlətlərinin tərkib hissəsi kimi görürlər.

Körfəz ölkələri BƏƏ-nin addımını alqışlasalar da, İran, Türkiyə və Fələstin rəsmiləri bunu pisləyib.

ABŞ Dövlət katibi Mike Pompeo avqustun 31-də deyib ki, BƏƏ-İsrail sazişinin mərkəzində İran dayanıb. Onun sözlərinə görə, Tehran “Yaxın Şərqdə sabitsizlik” yaradır.

“Əmirliklər və israillilər Yaxın Şərqdə bu nəhəng təhdidə qarşı əməkdaşlıq edə bilərlər”, – Pompeo vurğulayıb.

Ötən həftəsonu BƏƏ 1972-ci ildən qüvvədə olan, İsraili boykot edən qanunu ləğv edib. Ötən ayın əvvəlində isə iki ölkə ilk dəfə olaraq birbaşa telefon xidməti açıb. (Azadlıq Radiosu)