Blinken və Hakan Fidandan mühüm BƏYANAT –Bakı və İrəvan arasında sülh sazişi üçün birgə işləyəcəklər

ABŞ və Türkiyə Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün birgə səy göstərəcəklər.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ-Türkiyə Strateji Mexanizminin iclasının yekunlarına dair bəyanatda deyilir.

“Cənubi Qafqaza gəlincə, dövlət katibi Blinken və dövlət katibi Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər. Onlar bəyan ediblər ki, bu saziş regional sabitliyə, əməkdaşlığa və rifahın əldə olunmasına yardım edəcək”, – deyə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda deyilir.

Qeyd olunur ki, tərəflər regional prioritetlər, terrorla mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım, ticarət, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi də daxil olmaqla geniş spektrli məsələlər üzrə ABŞ-Türkiyə münasibətlərinin gücləndirilməsini müzakirə ediblər.

“Dövlət katibi Blinken və dövlət katibi Fidan ABŞ və Türkiyənin Rusiyanın qəbuledilməz müharibəsinə qarşı Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqlədilər. ABŞ  Türkiyənin Qara dənizdəki səylərini, o cümlədən taxıl və digər beynəlxalq ticarət üçün həyati əhəmiyyətli təhlükəsiz marşrutları asanlaşdıran səylərini alqışlayıb”, – bəyanatda deyilir.

Həmçinin qeyd edilir ki, ABŞ dövlət katibi və Türkiyə xarici işlər naziri Suriya böhranının bütün aspektlərini müzakirə ediblər. “ABŞ və Türkiyənin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriyanın başçılıq etdiyi siyasi prosesə sadiqliyini təsdiqləyiblər”.

Əvvəlki məqalə

Sabiq təhsil nazirinin qızı vəfat edib

Sonrakı məqalə

Tehranda Ermənistan-İran siyasi məsləhətləşmələri keçirilib