BMT Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyəti Rusiyanın İsraillə Fələstinin HƏMAS qruplaşması arasında münaqişəyə dair qətnamə layihəsini dəstəkləməyib.
Azpost.info xəbər verir ki, buna səbəb sənəddə İsrailə qarşı terror aktını pisləyən ifadələrin yer almamasıdır.
Rusiyanın layihəsinə beş ölkə səs verib: Rusiyanın özü, Çin, BƏƏ, Qabon və Mozambik. Altı ölkə – Albaniya, Braziliya, Qana, Malta, İsveçrə, Ekvador səsvermədə bitərəf qalıb. Dörd dövlət – Böyük Britaniya, ABŞ, Fransa və Yaponiya buna qarşı çıxıb. Sənədin qəbulu üçün 15 ölkədən ən azı 9-nun dəstəyi və daimi üzvlərdən veto qoyulmaması tələb olunur.
Rusiyanın təklif etdiyi qətnamədə dərhal, davamlı və tam hörmət edilən humanitar atəşkəs tələb olunur. O, həmçinin mülki şəxslərə qarşı zorakılığı və bütün terror aktlarını pisləyib. Bundan başqa, qətnamədə bütün girovların azad edilməsi və humanitar yardımın maneəsiz çatdırılması və paylanması, həmçinin mülki şəxslərin təxliyəsi üçün şərait yaradılması tələb olunurdu.
Fransanın BMT-dəki daimi nümayəndəsi Nikolas de Rivyer deyib ki, Rusiyanın qətnamə layihəsində bir neçə vacib element yoxdur. Bunun əvəzində o, Braziliya prezidentinin təklif etdiyi layihəni dəstəkləməyə çağırıb.
Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord bildirib ki, o, HƏMAS-ın terror hücumlarını pisləməyən qətnaməni dəstəkləyə bilməz.
Azpost.info
