BƏƏ Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrelin Aİ-dən kənardakı dünyanı cəngəlliklə müqayisə edən bəyanatını tənqid edib.
Azpost.info xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyi diplomatın sözlərini “irqçilik və ayrı-seçkilik” adlandırıb. Həmçinin Aİ-nin ölkədəki missiyasının rəhbəri Emil Polsendən izahat tələb edib.
Ötən həftə İspaniyanın La Toja forumunda çıxış edən Borrel Avropanı siyasi azadlıq, iqtisadi rifah və sosial bərabərlik səylərini birləşdirən bağla müqayisə edib. Onun fikrincə, dünyanın çox hissəsi cəngəllikdir və cəngəllik bağı işğal edə bilər.
BƏƏ XİN Borrelin sözlərinə narazılığını bildirib və qeyd edib ki, bu cür bəyanatlar dünyada dözümsüzlük və ayrı-seçkilik mühitinin pisləşməsinə kömək edir: “Bütün tərəflərin digər dinlərə, mədəniyyətlərə və etnik qruplara, həmçinin plüralizm, birgəyaşayış və tolerantlıq kimi dəyərlərə hörmətin vacibliyini dərk etməsi halında, Borrelin bu cür açıqlamaları məyusedicidir”.
Azpost.info
