“Breksit”dən sonra Britaniya ilə Azərbaycan münasibətləri tənzimləyir-

Yeni ikitərəfli sənədin imzalanması planlaşdırılır
11 Mart 2021 - 19:27

“Böyük Britaniya Avropa İttifaqından çıxandan sonra Azərbaycanla ticarət-iqtisadi münasibətlərin tənzimlənməsi üçün yeni ikitərəfli sənəd imzalamağı planlaşdırır”.

Azpost.info bildirir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə bəyan edib.

“Məlum olduğu kimi, Brexit ərəfəsi dövrdə Böyük Britaniya ticarət müqavilələrinin qlobal sisteminin imzalanması məsələsi,-yəni, onun dünya dövlətləri ilə ticarət-iqtisadi münasibətlərini tənzimləyəcək beynəlxalq-hüquqi sənədlərinin yeni sistemi üzərində işləyirdi. Bununla əlaqədar Azərbaycan Böyük Britaniyanın və özünün fəallığı nöqteyi-nəzərindən hər zaman aparıcı yerlərdə olub və qeyd etmək məqsədəuyğun olardı ki, biz postsovet dövlətləri arasında Britaniya tərəfindən bu cür layihə əldə edən ilk ölkəyik”, – Tağızadə “İnterfaks-Azərbaycan”a müsahibəsində bildirib.

Səfir qeyd edib ki, Britaniya tərəfi Azərbaycan tərəfindən qeyd və təkliflərdən sonra layihədə düzəlişlər edib: “Bu gün Britaniya tərəfi həmin sənədi işləyib qurtarır. Lakin bu proses bir qədər zaman tələb etdiyinə görə, bu ətraflı geniş sənəddən öncə “keçid dövrünü bağlayacaq” hansısa müvəqqəti saziş olacaq”, – Tağızadə bildirib.

O, həmçinin qeyd edib ki, hazırda tərəflər təhsil sahəsində ikitərəfli sənədin imzalanması məqsədilə iş görür. “Cari ilin fevral ayında Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonun Bakıya səfəri zamanı ətraf mühit və energetika sahəsində sənəd imzalanıb. Sənədin ətraf mühit ilə əlaqədar hissəsi imzalanıb, Azərbaycan tərəfindən bu sənədi nazir Muxtar Babayev imzalayıb. Sənədin energetika məsələləri ilə bağlı ikinci hissəsi Vendi Mortonun səfərindən sonra imzalanıb.  Hazırda daha bir sənəd – təhsil sahəsində imzalanması üzərində iş davam edir”, – diplomat vurğulayıb.