Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş Naziri Boris Conson İraqda koalisiya qüvvələrinə edilən hücumla bağlı birgə bəyanat yayıb.
Bu barədə Yelisey Sarayı məlumat yayıb.
“Biz İraqda koalisiya qüvvələrinə edilən son hücumları qınayırıq və İran İslam İnqilabı Keşikçiləri Korpusu, o cümlədən general Süleymaninin komandanlığı altında “Əl-Qüds” qüvvəsi vasitəsilə İranın bölgədə oynadığı mənfi roldan ciddi narahatlığımızı ifadə edirik.
İndi de-eskalasiyaya ciddi ehtiyac var. Biz tərəfləri təmkinli və son dərəcə məsuliyyətli olmağa çağırırıq. İraqda mövcud zorakılıq dayandırılmalıdır. İranı, xüsusi olaraq zorakı hərəkətlərdən çəkinməyə və nüvə proqramı ilə bağlı olan Birgə Hərtərəfli Fəaliyyət Planına zidd olan bütün tədbirləri ləğv etməyə çağırırıq.
İraqın suverenliyinə və təhlükəsizliyinə sadiqliyimizi xatırladaraq, başqa bir böhranın İraqın sabitləşdirilməsi üçün illərlə edilən səyləri təhlükə altına ala biləcəyindən narahatlığımızı ifadə edirik.
Bizim üçün prioritet olan İŞİD-ə qarşı mübarizəni davam etdirəcəyimizi bir daha təsdiqləyirik. Koalisiyanın qorunması bu baxımdan vacibdir. Buna görə İraq hakimiyyətini koalisiyaya lazımi dəstək verməyi davam etdirməyə çağırırıq.
Gərginliyi azaltmaq və bölgədə sabitliyin bərpasına töhfə vermək üçün bütün tərəflərlə işləməyə hazır olduğumuzu ifadə edirik”, – deyə liderlərin bəyanatında bildirilir. (APA)