Britaniya kəşfiyyatı 2018-ci ildə Solsberidə zəhərlənməyə görə məsuliyyət daşıdığı iddia edilən general-mayor Andrey Averyanovu “Vaqner”in qurucusu Yevgeni Priqojinin ölümündə əli olmaqda şübhəli bilir.
Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “i” nəşri kəşfiyyatdakı mənbələrə istinadən yazır.
Averyanov “QRU” 29155 bölməsinə rəhbərlik edir. Onun adı “The New York Times” və “Bellingcat”da 2018-ci ildə keçmiş rus casusu Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi də daxil olmaqla, Avropada təxribat əməliyyatları həyata keçirən gizli “QRU” bölməsinin rəhbəri kimi keçir.
Britaniya kəşfiyyatının iki mənbəsi Averyanovun Afrikadakı “Vaqner” muzdlularını 20 min rus əsgəri ilə əvəz etmək üçün əməliyyata rəhbərlik etdiyini, Priqojinlə uzun müddət düşmən münasibəti olduğunu və indi onun adının Tverdəki təyyarə qəzası ilə bağlı olduğunu deyib.
“Financial Times” bir neçə məlumatlı mənbəyə istinadən yazıb ki, Priqojin ölümündən əvvəl Afrikaya səfər edib və burada “QRU”nun onun əməliyyatlarına nəzarəti ələ keçirməsinə mane olmağa çalışıb.
WSJ-nin həmsöhbətləri iddia ediblər ki, bir ay əvvəl Rusiya prezidenti Vladimir Putin Mərkəzi Afrika Respublikası prezidentinə “Vaqner”in yaradıcısından uzaq durmağı tövsiyə edib.
Eyni zamanda Qərb rəsmiləri Priqojinin ölümünün arxasında böyük ehtimalla Rusiya prezidentinin dayandığına inanmaqda davam edirlər. ABŞ prezidenti Co Bayden məsələyə münasibətində “Rusiyada Putinin iştirakı olmadan çox az şey baş verir” deyib.
Azpost.info