Britaniyanın əks-kəşfiyyat xidmətinin rəhbəri bu seriala baxır

Böyük Britaniyanın daxili təhlükəsizlik və əks-kəşfiyyat xidməti MI5-in baş direktoru, ser Ken Makkallum məşhur casus serialı “Ləng atlar” (Slow Horses) serialının böyük fanatı olduğunu bildirib.

BBC-nin yazdığına görə, Apple TV+ platformasında yayımlanan serial tənqidçilər tərəfindən tez-tez “anti-Bond” kimi xarakterizə olunur.

Serialda ser Qari Oldman uğursuzluğa düçar olmuş və ya müxtəlif səbəblərdən cəzalandırılaraq MI5-in “Slough House” adlı ucqar bölməsinə göndərilmiş agentlər qrupunun kobud və səliqəsiz rəhbəri Cekson Lemb obrazını canlandırır.

MI5-in rəsmi Instagram hesabında yayımlanan videoda Makkalluma MI6-dakı həmkarları barədə sual verilib. MI5 və MI6-nın London qərargahları Temza çayının müxtəlif sahillərində yerləşir.

“Bu dünyada həm Ceyms Bond üçün, həm də “Yavaş atlar” üçün yer olduğunu demək olar. Amma şəxsən mən, yəqin ki, “Ləng atlar” düşərgəsindəyəm”, – deyə Makkallum cavab verib.

MI5 rəhbəri iki xüsusi xidmət arasında rəqabət olduğu barədə təsəvvürün doğru olmadığını da vurğulayıb.

“Güman edirəm, sualı verən şəxs aramızdakı hansısa rəqabət barədə hekayə eşitmək istəyirdi. Amma həqiqət budur ki, MI6 əməkdaşları bizim dostlarımız və həmkarlarımızdır”, – Makkallum bildirib.

“Ləng atlar” serialı Mik Herronun eyniadlı bestselleri əsasında çəkilib. Serialın ilk mövsümü 2022-ci ildə yayımlanıb və böyük populyarlıq qazanıb. Altıncı mövsümün bu ilin sentyabrında, yeddinci mövsümün isə 2027-ci ildə yayımlanması gözlənilir.

Serialın əsas ulduzu ser Qari Oldmandır. Onun canlandırdığı Cekson Lemb səliqəsiz, tez-tez sərxoş vəziyyətdə görünən, lakin son dərəcə istedadlı və dahi əməliyyatçıdır. Onun davranışları klassik “centlmen casus” obrazından tamamilə uzaqdır.

Oldman 2024-cü ildə BBC-yə verdiyi müsahibədə serialın atmosferini “casusluğun çirkli tərəfi” kimi xarakterizə edib. Onun sözlərinə görə, bu, kəşfiyyatın daha real və “büdcə variantıdır” – “supermarketdən alınan çay səviyyəsində casusluq”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.