“Bu benzinə görə, hər il ölkədən 100 milyon valyuta çıxır…” –

Deputat "ölkədə zavod qurun" dedi
16 Sentyabr 2021 - 11:19
“Azərbaycana idxal edilən benzinin qiymətlərində artımın qarşısının alınması üçün həmin marka yanacaqların yerli istehsalının daha qısa zamanda təşkili vacibdir”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Dövlət Neft Şirkəti 2021-ci ildə Avro-5 standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də hələlik ölkəmizdə yalnız Aİ-92 markalı benzin və dizel email olunur:“Avro-5 standartına uyğun benzin istehsalı bir tərəfdən “Aİ 95” və “Aİ 98” markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına, digər tərəfdən isə idxal nəticəsində ölkədən valyuta axının qarşısını alınmasına səbəb ola bilər”.
Deputat qeyd edib ki, bu ilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar (88 milyon 763 min manat) dəyərində 75 min 407 ton “Aİ-95” (“Premium”) markalı benzin idxal edib. Bu həmin müddətdə idxal olunan bənzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artması deməkdir: “Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Ruminyadan idxal olunub. Belə ki, idxal edilən benzinin 60 faizdən çoxu şimal qonşumuzun payına düşüb. Bu məhsul idxalına görə, bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Ruminyaya isə 18 milyon 180 min dollar ödəmişik”.
V.Bayramovun sözlərinə görə, 2020-ci ildə isə Azərbaycan 58 milyon 615 min dollar (99 milyon 646 min manat) dəyərində “Aİ-95” benzini idxal edib. Bu əvvəlki il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çox olub: “Rəsmi rəqəmlərdən göründüyü kimi, Avro-5 standartına uyğun benzinin yerli istehsalının olmaması idxal nəticəsində hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olur. Yerli istehsalın təşkil edilməsi isə həmin vəsaitin ölkədə qalmasına imkan verə bilər. Bu baxımdan, idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarını qarşısının alınması üçün daha qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır”.