v
Bu gündən 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır.
APA-nın məlumatına görə, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Saytdan qeydiyyatdan keçən hər bir vətəndaşa SMS məlumat göndəriləcək. Poliklinikaya müraciət zamanı isə həmin şəxslər qeydiyyatdan keçirilərək onlara məntəqəyə gəlməli olduğu gün və dəqiq vaxtı bildiriləcək.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ilk mərhələdə səhiyyə işçilərindən sonra 65 yaşdan yuxarı şəxslər və hüquq mühafizə orqanları tərəfindən əksepidemik tədbirlərə cəlb olunan heyət vaksinasiyası nəzərdə tutulub.
Vaksinasiyanın ikinci mərhələsində isə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaqlar.
Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də başlanılıb. Ölkədə Çinin “Sinovac” şirkətinin istehsal etdiyini “Coronovac” vaksinindən istifadə olunur.