Bu ilin 6 ayı üzrə ali təhsil xərcləri açıqlanıb

10 Avqust 2021 - 19:35

Bu ilin birinci yarısında ali təhsil proqramı üzrə təhsilalanlara dövlət dəstəyinin göstərilməsi üçün 143 milyon 15 min 886,1 manat xərclənib.
Bu, Maliyyə Nazirliyinin 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası dövlət büdcəsinin, o cümlədən büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri üzrə proqramların icrasına dair hesabatında əksini tapıb.
Bu, 2021-ci ilin dövlət büdcəsində bu məqsədlə nəzərdə tutulan vəsaitin 36,2 faizidir. Bu il dövlət büdcəsində bu məqsədlə 395 milyon 15 min 447 manat nəzərdə tutulub.
Bu çərçivədə bu ilin yanvar-iyun ayları ərzində dövlət sifarişi ilə təhsil alanlara bakalavriat və magistratura pillələri üzrə düşən xərclər 91 milyon 905 min 699 manat olub.

İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaları üçün təhsil qrantlarının verilməsi ilə 352 min 666 manat xərclənib. Ancaq 2021-ci ilin dövlət büdcəsində xarici vətəndaşların təhsilinin təşkili üçün nəzərdə tutulan 1 milyon 434 min 927 manat, Azərbaycan Respublikası Təhsil Tələbə Krediti Fondu üçün ayrılan 80 milyon manat vəsaitdən ilin birinci yarasında xərclənməyib. (APA)