“Bu qardaşlıq ən çətin günlərində özünü daha çox büruzə verdi” –

Şamil Ayrım
14 Sentyabr 2021 - 11:20

“Türkiyə ilə Azərbaycan əsrlər boyu adları daim yan-yana çəkilən iki qardaş ölkə olub. Bütün dünya üçün nümunə olan bu qardaşlıq hər iki dövlətin ən çətin günlərində özünü daha çox büruzə verib. Bu, türk və dünya tarixində ən qanlı müharibələrdən biri kimi iz qoyan Çanaqqala savaşında da, Azərbaycan tarixinə unudulmaz səhifə kimi həkk olunmuş Bakının erməni-bolşevik işğalından azad edilməsində də, dünya hərb tarixinə qızıl hərflərlə yazılan Azərbaycanın 44 günlük Vətən müharibəsində də belə olub”.

Bu fikirləri Azərtac-a müsahibəsində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım ifadə edib.

Azərbaycanla Türkiyənin bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətən olduğunu vurğulayan Ş.Ayrım deyib: “Bu iki ölkə, iki Vətən tarixin ən çətin dövrlərindən daim çiyin-çiyinə birgə keçib. Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Türkiyə bu savaşda da siyasi baxımdan daim qardaşının yanında oldu. Bu, 1918-ci ildə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsini xatırlatdı. Burada Türkiyənin Çanaqqala savaşı zamanı düşünmədən canını qurban verən Azərbaycan oğullarını yada salmasaq olmaz. Bu qardaşlıq Türkiyədə tüğyan edən meşə yanğınları zamanı növbəti dəfə nümayiş etdirildi. İki qardaş ölkənin igid oğulları bu yanğınların söndürülməsində də əsl qardaşlıq nümunəsi göstərdilər”.

Ş.Ayrım bildirib ki, bütün dünya üçün nümunəyə çevrilən və analoqu olmayan bu birliyin ən gözəl təcəssümü Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələridir.