Cavabsız suallar –Moskva Vaşinqtonun məktubundan nə gözləyirdi? (TƏHİLİL)

“Vaşinqton Post” qəzeti Rusiyanın Ukrayna böhranı ilə bağlı tələblərinə ABŞ və NATO-nun verdiyi yazılı cavablar haqda yazı dərc edib.
Azpost.info  yazını oxucuların diqqətinə çatdırır.
Yanvarın 26-da ABŞ və NATO Kremlin təhlükəsizlik təminatı ilə bağlı tələblərinə yazılı cavablar göndərib. Kremlin Ukrayna ilə sərhəddə gərginliyi artırmaqla irəli sürdüyü tələb NATO-nun Şərqi Avropada fəaliyyətini, bu bölgədə genişlənməsini məhdudlaşdırmaqdır.

NATO-nun cavab məktubu Rusiyanın Brüsseldəki səfirliyinə təqdim olunub. ABŞ-ın cavabını isə səfir Con Sallivan özü Rusiya Xarici İşlər Nazirliyinə verib.

ABŞ-ın dövlət katibi Entoni Blinken mətbuata açıqlamasında deyib ki, onlar diplomatik sahədə ciddi irəliləyişə nail olmaq üçün Rusiyaya yaxşı seçim təklif ediblər.

Entoni Blinken də, NATO-nun baş katibi Yens Stoltenberq də bəyan ediblər ki, Moskvanın yazılı şəkildə tələb etdiyi cavab məktublarının mətni həm Ukrayna, həm də alyansla ABŞ arasında razılaşdırılıb. Blinkenlə Stoltenberq vurğulayıblar ki, məktublarda NATO-nun alyansa üzv olmaq istəyən ölkələr üçün açıq qapı siyasətinə sadiq qaldığı birmənalı qeyd edilib.

Moskvanın Ukrayna, Gürcüstan və digər keçmiş sovet ölkələrinin alyansa üzvlüyünə yasaq qoyulması tələbini qəbul etmədiklərini söyləyən Blinken bir daha bəyan edib: “NATO-nun qapıları açıqdır və həmişə açıq qalacaq. Bizim öhdəliyimiz belədir”.

Blinkenin sözlərinə görə, ABŞ-ın təklifləri Ukraynada hərbi vəziyyət, regionda hərbi təlimlərin keçirilməsi, Avropada raket sistemlərinin yerləşdirilməsi kimi məsələlərdə Rusiya ilə Qərb arasında şəffaflığın artırılmasına yönəlib: “Moskvaya cavabımızda həmçinin silahlara nəzarət sahəsində irəliləyişə apara biləcək addımlar təklif edilib və ABŞ-ın Strateji Silahların Azaldılması Müqaviləsi çərçivəsində istənilən növ nüvə silahını əhatə edən növbəti razılaşmada maraqlı olduğu diqqətə çatdırılıb”.

Ötən il Bayden administrasiyası Strateji Silahların Azaldılması Müqaviləsinin 2026-cı ilin fevralınadək uzadılmasına razılıq verib.

Bu bəyanatların səsləndiyi gün Kreml, Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ və NATO-nun cavab məktublarına açıq reaksiya verməyib.

Brüsseldə çıxışı zamanı Yens Stoltenberq bildirib ki, NATO-nun məktubunda Rusiyanı birbaşa qoşun yerləşdirdiyi, yaxud separatçılara dəstək verdiyi üç ölkədən – Ukrayna, Gürcüstan və Moldovadan hərbi qüvvələrini geri çəkməyə çağırış əksini tapıb: “NATO həmçinin hərbi təlimlərə dair qarşılıqlı brifinqlərin keçirilməsi də daxil olmaqla digər əməli addımlar atılmasını təklif edib. Məktubda Rusiyanın NATO-nun Brüssel ofisində təmsilçiliyini bərpa etməsi istəyi də yer alıb. Çünki Rusiyanın ötən il NATO ilə diplomatik münasibətləri kəsməsi dialoqu çətinləşdirib”.

Rusiyanın bəzi tanınmış deputatları NATO-nun təkliflərinə rişxəndlə reaksiya veriblər. Parlamentin Federasiya Şurasının xarici əlaqələr komitəsinin üzvü Vladimir Cabarov “İnterfaks” agentliyinə deyib ki, Rusiya NATO-nun genişlənməsi məsələsində qırmızı xətləri açıq bəyan edib və ABŞ-ın bunu qəbul etməkdən imtinası Rusiyaya lazım bildiyi kimi davranmaq haqqı verir: “İndi əl-qolumuz açıqdır və istədiyimiz tərzdə davrana bilərik”.

Bayden administrasiyası diplomatik həllin mümkünlüyünə yenə inandığını vurğulasa da, böhranın hara apardığı qeyri-müəyyən qalır, proqnoz vermək çətindir.

Yanvarın 26-sı Blinkenin müavini Vendi Şerman bildirib ki, Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinin yaxın zamanda hərbi güc tətbiq etməyə hazırlaşmasının bütün əlamətlərini görür.

Vendi Şerman Yalta Avropa Strategiyasının təşkil etdiyi, Ukrayna və Avropanın gələcək taleyinə həsr olunmuş forumda Estoniya prezidenti ilə video formatında danışarkən deyib ki, çox güman, hərbi əməliyyatlar fevralın ortalarında başlanacaq.

Yens Stoltenberqin jurnalistlərə bildirdiyinə görə, Rusiya müttəfiqi Belarusun ərazisinə hərbi bölmələr, yüzlərlə təyyarə və digər mühüm hərbi vasitələr yerləşdirib. Belarus isə Ukraynanın şimalı ilə həmsərhəddir: “Bunlar yüksək döyüş hazırlığı deməkdir. Həmçinin bu yerləşdirmədə şəffaflıq yoxdur”.

Stoltenberq vurğulayıb ki, əslində Rusiya hərbi təlim adı altında öz qüvvələrini Belarusa uyğunlaşdırmaqla məşğuldur.

Yanvarın 26-sı Rusiyanın xarici işlər naziri Sergey Lavrov parlamentin aşağı palatasında – Dövlət Dumasında çıxış edərkən Moskvanın əl-qolunu yanına sallayıb oturmayacağını deyib: “Qərb Kiyevi öldürücü silahlarla təmin edir. Artıq Ukrayna Amerikadan 79 ton silah-sursat, o cümlədən tank əleyhinə raketlər alıb. Sərhədlərimiz yaxınlığında təxribat xarakterli təlimlərin getdikcə artdığı, Kiyev rejiminin NATO orbitinə cəlb edildiyi, Ukraynanın ölümcül silahlarla təchiz olunduğu, birbaşa Rusiya Federasiyası əleyhinə təxribatlara cəhd göstərildiyi göz önündədir”.

Yanvarın 28-i Cenevrədə görüşən Entoni Blinkelə Sergey Lavrovun yenidən bir araya gələcəyi gözlənir. Blinken növbəti görüşədək ruslardan ABŞ və NATO-nun məktublarının dərc olunmamasını xahiş edib.

Prezident Emmanuel Makron məsələnin diplomatik yolla həllinə çalışsa da, yanvarın 26-sı Parisdə Fransa, Almaniya, Rusiya və Ukrayna arasında keçirilən dördtərəfli danışıqlar nəticəsiz başa çatıb.

Ehtimal olunur ki, bundan iki gün sonra Putinlə telefon danışığında Makron ona böhranı aradan qaldırmaqla bağlı şəxsi təkliflərini çatdırıb.

Rusiyanın Paris sammitindəki nümayəndəsi Dmitri Kozak dörd ölkənin yaxın zamanda Berlində yenidən görüşəcəyini bəyan edib.

Paris danışıqlarının məqsədi illərdir dalana dirənmiş 2015-ci ilin Minsk razılaşmasını canlandırmaq, Ukraynanın şərqində səkkiz ildir davam edən münaqişəni tənzimləməkdir.

Kiyevlə Moskva bir-birini Minsk razılaşmasını pozmaqda ittiham edir. Minsk razılaşması indiyədək Ukraynanın şərqində – Donbas bölgəsində Rusiyanın dəstəklədiyi iki separatçı qüvvə ilə aparılan müharibəni dayandıra bilməyib. Donbasda müharibə 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən az sonra başlayıb və bu günədək 13 mindən çox insanın ölümünə səbəb olub.

Kozak Parisdə Fransa, Almaniya, Rusiya və Ukrayna arasında keçirilən görüşdən sonra bəyan edib ki, dörd ölkənin hamısı atəşkəsə qeyd-şərtsiz riayət olunması barədə razılığa gəlib. Ancaq keçmiş təcrübə göstərir ki, bu cür bəyanatlar, öhdəliklər heç də hərbi əməliyyatları dayandırmağa kifayət etmir.

Avropa Şurasının xarici əlaqələr üzrə Paris ofisinin rəhbəri Tara Varma bildirib ki, danışıqların davam etməsi irəliyə doğru addımdır: “Ancaq Rusiya ilə Ukrayna arasında dərin fikir ayrılıqları problemin tez bir zamanda həllinə ümid vermir. Rusiya Donbasdakı müharibəni Ukraynanın daxili işi adlandırır, Moskvanın bu məsələdə tərəf olmadığına israr edir. Problemin həllini çətinləşdirən həm də budur”.

Bəzi Avropa dövlətlərinin, xüsusən Rusiya ilə daha sıx əlaqələri olan ölkələrin Kremllə açıq qarşıdurmaya getmək istəməməsi də Rusiyanı cilovlamaq üçün aparılan müzakirələrin effekt verməsinə mane olur. Moskva Avropanın əsas qaz tədarükçüsüdür. Avropada Rusiya ilə dərin maliyyə əlaqələri olan banklar, enerji şirkətləri və digər müəssisələr var.

Bütün bu əlaqələr Qərbdəki müttəfiqlərin Ukrayna hücuma məruz qalacağı təqdirdə Moskvaya sanksiyalar tətbiq etməsi üçün apardığı müzakirələri mürəkkəbləşdirir. Rəsmilər sanksiyalar paketinə nələrin daxil ola biləcəyini açıq deməsələr də, əsas mübahisənin Rusiyadan Almaniyaya qaz nəqlini nəzərdə tutan “Şimal axını – 2” boru kəmərinin bağlanıb-bağlanmaması və Rusiyanın SWİFT beynəlxalq bank köçürmələri sistemindən çıxarılıb-çıxarılmaması ətrafında olduğu bəllidir.

Tara Varmanın sözlərinə görə, bəzi fikir ayrılıqlarına baxmayaraq Avropa Ukrayna böhranı ilə bağlı Rusiyanın gözlədiyindən qat-qat çox həmrəylik nümayiş etdirmiş oldu: “Məsləhətləşmələrin səviyyəsi heç vaxt bu qədər yüksək dərəcədə olmamışdı. Rusiyanın hərbi məsələlərlə bağlı Avropanı ciddiyə almadığına inanmıram. Eyni zamanda hesab etmirəm ki, Moskva Avropa qitəsində sabitliyi pozmağın çox asan olacağını düşünür”.

ABŞ rəsmiləri Rusiyanın sanksiyalara və ya Qərbin digər tədbirlərinə cavab məqsədilə Avropaya qaz ixracını kəsəcəyi ehtimalını nəzərə alaraq Bayden administrasiyasının Avropanı qazla təmin etməyin alternativ yollarını tapmaq istiqamətində işlədiyini bildiriblər.

Adının açıqlanmasını istəməyən bir ABŞ rəsmisinin dediyinə görə, administrasiya qaz təchizatına nail olmaq və qiymət artımının həm Amerika xalqına, həm də qlobal iqtisadiyyata təsirini minimuma endirmək üçün xarici ölkələr və şirkətlərlə intensiv iş aparır.

Yanvarın 31-i Cozef Bayden Ağ evdə Qətər əmiri Təmim bin Həməd Al Sanini qəbul edib. Görüşdə Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə Qətər qazının Avropaya nəqli imkanları müzakirə olunub.

(Tərcümə novator. az )
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tamerlan Qarayevin 70 yaşı tamam olub

Sonrakı məqalə

Tanınmış jurnalist Azər Qismət ürəyindən əməliyyat olunub