Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran humanitar məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, məcburi köçkünlərin öz evlərinə qayıdışı məsələsi də müzakirə olunub.
Ceyhun Bayramov azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri və məcburi köçkünlərin bu ərazilərə geri qayıtması tədbirləri ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib.
Filippo Qrandi ətraflı məlumata görə öz təşəkkürünü ifadə edib və regionda davamlı sülhün əldə olunması məqsədilə iki dövlət arasında münasibətlərin bərpasının önəmli olduğunu qeyd edib.