Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası Prezidentinin diplomatik müşaviri Emmanuel Bon ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, görüşdə tərəflər post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət və yeni reallıqlar ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfə post-münaqişə fazasına aid məsələlər-azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpa edilməsi, regionda kommunikasiyaların açılması, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşdırılması, Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli qaydada həyata keçirilən tədbirlər haqqında məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əmin-amanlığın təmin olunmasına tərəfdar olduğu vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan-Fransa ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə edilib.
Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqun aktivləşməsinə hazırlığını və maraqlarını ifadə ediblər.