Çin alimləri beyində qocalma prosesində əsas rol oynaya biləcək bir mexanizm müəyyən ediblər.
Azpost.info bildirir ki, Science Daily qəzetinin məlumatına görə, Lige Langın rəhbərlik etdiyi Xiamen Universitetinin alimlərinin apardığı tədqiqat nəticəsində hipotalamusda menin zülalının səviyyəsinin azalması yaddaş pozğunluğu, iltihab və digər yaşla bağlı dəyişikliklərlə əlaqəli olduğu aşkar edilib.
Təcrübələrdə tədqiqatçılar ventromedial hipotalamusda menin konsentrasiyalarının yaşla əhəmiyyətli dərəcədə azaldığını aşkar ediblər. Alimlər gənc siçanlarda bu zülalın səviyyəsini süni şəkildə azaltdıqda, heyvanlarda vaxtından əvvəl qocalma əlamətləri- yaddaşın və hərəkət koordinasiyasının pozulması, sümük sıxlığının azalması, dərinin incəlməsi və ömrün qısalması müşahidə olunmağa başlayıb.
Lige Langın sözlərinə görə, menin qocalmanın genetik, iltihabi və metabolik mexanizmləri arasında mühüm əlaqə ola bilər. Tədqiqatçılar həmçinin inanırlar ki, amin turşusu D-serin yaşla bağlı idrak geriləməsi üçün perspektivli bir müalicə ola bilər.
Alimlər meningin çatışmazlığının öyrənmə və yaddaş üçün vacib olan D-serin səviyyəsinin azalmasına səbəb olduğunu aşkar ediblər. D-serin balıq, yumurta, qoz-fındıq və soya məhsullarında olur və həmçinin qida əlavələri kimi də mövcuddur.
Aparılan təcrübədə menin geni yaşlı siçanların hipotalamusuna birbaşa yeridilib. Bir ay ərzində heyvanlarda yaddaş, dəri vəziyyəti və sümük sıxlığı yaxşılaşıb. D-serin əlavələri ilə aparılan ayrı bir təcrübə də idrak funksiyasına müsbət təsir göstərib, amma yaşlanmanın xarici əlamətləri dəyişməz qalıb.
Tədqiqatın müəllifləri nəticələrin yalnız heyvanlarda təsdiqləndiyini vurğulayırlar. İnsanlarda oxşar metodların təhlükəsizliyini və effektivliyini qiymətləndirmək üçün əlavə tədqiqatlara ehtiyac var. Gələcəkdə alimlər menin səviyyəsinin yaşla bağlı azalmasının səbəblərini və bu bioloji mexanizmləri hədəf almağın mümkün uzunmüddətli nəticələrini öyrənməyi planlaşdırırlar.