Çin Cənubi Çin dənizində hərbi təlimlərə başlayıb

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana gözlənilən səfəri ərəfəsində Çin Cənubi Çin dənizində hərbi təlimlərə başlayıb.

Avqustun 2-dən 6-dək davam edəcək təlim zamanı müxtəlif silahlardan real atışlar yerinə yetiriləcək.

Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Global Times” qəzeti yazır ki, Nensi Pelosinin Tayvan adasına ehtimal olunan səfəri fonunda Çin Xalq Azadlıq Ordusunun hərbi dəniz qüvvələrinə məxsus “Liaonin” və “Şandon” təyyarədaşıyan gəmiləri artıq daimi limanlarını tərk edərək hərəkətə başlayıblar. Bundan başqa, Çinə məxsus amfibiya hücum gəmisi də Cənubi Çin dənizində görünüb.

Rəsmi Pekin Birləşmiş Ştatların Nümayəndələr Palatasının sədri Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasında planlaşdırılan səfərinə sərt etirazını bildirib. Çin Xarici İşlər və Milli Müdafiə nazirliklərinin rəsmiləri Nensi Pelosinin Tayvana mümkün səfərinə Çin ordusunun lazımi cavab verəcəyini bəyan ediblər. Ekspertlər hesab edir ki, Nensi Pelosini gətirən təyyarənin geri qaytarılması üçün Çin ordusu hərbi təyyarə və gəmilərdən istifadə edə bilər. Tayvan mediası isə yazır ki, Çinin təyyarədaşıyan gəmiləri adanın cənubunda və şimalında dənizdə mövqe tutaraq Nensi Pelosini gətirən təyyarənin adaya enməsinə mane olamağa çalışacaqlar.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın “Ronald Reyqan” hərbi təyyarədaşıyan gəmisi və onun müşayiət edən gəmilər qrupu Cənubi Çin dənizinin Tayvan adasının cənubundakı hissəsində və Filippin dənizində hərəkət edərək, Nensi Pelosinin uçuşuna dəstək verəcəyi barədə məlumatlar var.

Qeyd edək ki, bəzi media orqanları ABŞ Konqresindəki mənbələrə və Tayvan səlahiyyətlilərinə istinadla Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Asiya turu çərçivəsində avqustun 2-də axşam saatlarında Tayvana gələcəyi barədə məlumatlar yayıb. Rəsmi Pekin hələ səfərdən əvvəl Nensi Pelosinin “Vahid Çin” prinsipini kobud şəkildə pozaraq, Tayvana səfər planını həyata keçirərsə, Çinin öz suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə qorumaq üçün sərt və qətiyyətli tədbirlər görəcəyi barədə bir neçə dəfə xəbərdarlıq edib. İyulun 28-də Çin Xalq Respublikasınıın (ÇXR) Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Bayden ilə virtual görüşdə Tayvan mövzusunda toxunaraq, od ilə oynayanın sonda özünü yandıracağını deyib.

Ekspertlər Nensi Pelosinin Tayvana ehtimal olunan səfərinin və Çinin hərbi reaksiyası da daxil olmaqla sərt etirazının yeni münaqişəyə səbəb olacağını da istisna etmirlər.

Əgər səfər baş tutarsa, bu, ABŞ Nümayəndələr Palatası sədri vəzifəsini tutan şəxsin Tayvan adasında son 25 ildə ilk səfəri olacaq.

İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir(azərtac).

Əvvəlki məqalə

Tayvan XİN Pelosinin adaya səfəri ilə bağlı məlumatı təsdiqlədi

Sonrakı məqalə

“COVID-19-a yoluxan analar körpəyə süd verə bilərlər”