Çinin hərbi rəhbərliyində genişmiqyaslı kadr dəyişiklikləri baş verib. Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasından iki nüfuzlu general – Çjan Yusya və Lyu Çjenli gözlənilmədən uzaqlaşdırılıb.
Bu barədə Çinin dövlət xəbər agentliyi Sinxua məlumat yayıb. Reuters isə xəbərə diqqət çəkib.
Generalın vəzifədən çıxarılması Çində mümkün dövlət çevrilişi ilə bağlı davam edən şayiələr fonunda baş verib.
Generallar hansı səbəbdən vəzifədən çıxarılıb?
Rəsmi açıqlamaya görə, hər iki hərbçinin vəzifədən uzaqlaşdırılması bu ilin yanvarında başlayan genişmiqyaslı araşdırmalarla bağlıdır. Onlar qanunu və Kommunist Partiyasının nizam-intizam qaydalarını ciddi şəkildə pozmaqda şübhəli bilinirlər.
Kadr dəyişiklikləri nəticəsində əvvəllər yeddi nəfərdən ibarət olan Mərkəzi Hərbi Şuranın rəhbər heyətində cəmi iki nəfər aktiv tərkibdə qalıb. Onların başında Çin Prezidenti Si Cinpin dayanır.
Vəzifədən uzaqlaşdırılan Çjan Yusya Mərkəzi Hərbi Şuranın sədr müavini və Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü idi. O, Si Cinpindən sonra ölkənin hərbi iyerarxiyasında ən nüfuzlu şəxslərdən biri hesab olunurdu.
Digər general Lyu Çjenli isə Mərkəzi Hərbi Şuranın üzvü və Birgə Qərargahın rəhbəri vəzifəsini tuturdu.
Çevriliş şayiələri yenidən gündəmdə
İki yüksək rütbəli generalın gözlənilmədən vəzifədən çıxarılması Pekində hakimiyyət daxilində fikir ayrılıqları və daxili mübarizə ilə bağlı konspirasiya nəzəriyyələrini yenidən gündəmə gətirib.
Bundan əvvəl Britaniyanın The Spectator nəşri təsdiqlənməmiş məlumat yayıb. Nəşrin iddiasına görə, Çjan Yusya yanvarın 18-də hərbi qüvvələrdən istifadə etməklə əməliyyat keçirməyə cəhd edib.
İddiaya əsasən, general Pekinin qərb hissəsində yerləşən “İnsi” otelinə hərbi bölmələr göndərərək Çin lideri Si Cinpinin saxlanılmasına çalışıb.