Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən xəbərə görə, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir.
Vətəndaşlar qida məshullarının ticarəti, ictimai-iaşə müəssisələri, turizm və otelçilik, ictimai nəqliyyat, vətəndaşların qəbulunu həyata keçirən qurumlar, müxtəlif ticarət, xidmət sahələri və ofislərin fəaliyyətində, eləcə də digər istiqamətlərdə aşkar olunan qayda pozuntuları barədə məlumatları portaldakı WhatsApp nömrəsi (+99451 206 55 72) vasitəsilə göndərə bilərlər. Məlumatlara eyni zamanda qayda pozuntusunu təsdiq edən fotoşəkillər əlavə olunmalıdır.
Bununla vətəndaşlar karantin rejimi dövründə müvafiq qurumları zamanında məlumatlandıraraq, ölkədə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasına ictimai dəstək göstərmiş olacaqlar.
Qayda pozuntuları barədə məlumatlar, məlumat verən şəxsin anonimliyi qorunmaqla, portalda, eləcə də kütləvi informasiya vasitələrində yayımlanaraq ictimai qınaq təmin ediləcək. Eyni zamanda qayda pozuntusu törətmiş şəxslər qanunvericiliyə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Koronavirus (COVID-19) infeksiyasının profilaktikası və yayılmasının qarşısının alınması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif fəaliyyət sahələrini tənzimləyən metodiki göstərişləri ilə www.koronavirusinfo.az saytında tanış olmaq mümkündür.