Dənizdə meyiti axtarılan şəxs ölkəni təyyarə ilə tərk edibmiş– Polis araşdırır

Astarada Xəzər dənizində boğulduğu və meyitinin suda itkin düşdüyü bildirilən şəxslə bağlı araşdırma nəticəsində gözlənilməz fakt ortaya çıxıb.

Azpost.info APA-ya istinadən xəbər verir ki, Masallı rayon sakini, 36 yaşlı Elmar Məmmədlinin suda boğulmadığı, bir gün sonra hava yolu ilə Azərbaycandan getdiyi müəyyən edilib.

Məlumata görə, avqustun 19-da saat 19:00 radələrində Astara şəhəri ərazisində yerləşən çimərlikdə bir nəfərin Xəzər dənizində boğulması və meyitinin suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

İlkin məlumatlarda Masallı rayon sakini Elmar Məmmədlinin çimmək üçün dənizə girdiyi və daha sonra gözdən itməsi bildirilirdi.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində isə həmin şəxsin suda boğulmadığı məlum olub.

Araşdırmalar zamanı müəyyən edilib ki, Elmar Məmmədli avqustun 20-də hava yolu ilə ölkə hüdudlarını tərk edib.

Hazırda hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması istiqamətində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, üç gün əvvəl Astara şəhərinin “Bulvar” ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat yayılmışdı.

Bildirilirdi ki, Masallı rayonunun Kosagül kənd sakini, 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə birlikdə çimmək üçün dənizə gəlib.

Məlumata görə, Elmar Məmmədli ailəli və 5 uşaq atasıdır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.