Dağıstan Azərbaycanla bağlanmış sərhəd sazişini dəyişdirmək üçün Putinə müraciət etdi –

Samur çayının bölünməsindən narazıdır
07 Mart 2020 - 14:31

“Rusiya Samur çayının su ehtiyatlarının bölünməsi ilə bağlı Azərbaycanla bağlanmış Sazişə yenidən baxmalıdır”.

 Azpost.info bildirir ki, bu təkliflə Dağıstan Respublikasının Başçısı Vladimir Vasilyev Rusiya Prezidentinin müşaviri Ruslan Edelqeriyev ilə görüşü zamanı çıxış edib.

Martın 5-də keçirilmiş görüş zamanı V.Vasilyev iqlim dəyişikliyinə adaptasiya üçün regional planın hazırlanmasının vacibliyini deyib.  Bu zaman o, Samur çayının su ehtiyatları ilə bağlı problemi qaldırıb: “İldən-ilə Dağıstanda yağıntı azalır, yeraltı sular çəkilir. İndi hərtərəfli düşündükdən sonra keçmiş sazişlərə yenidən baxmaq, su məsələsi ilə bağlı məsələni qonşu dövlətlə həll etməyin vaxtı çatıb”.

Putinin müşaviri onu dəstəkləyərək deyib ki, Dağıstanda su çatışmamazlığı problemi var. “Bununla bağlı bu məsələni sərhədyanı subyektlərlə birgə koordinasiya etmək vacibdir”.

Samur çayının su ehtiyatlarının Rusiya və Azərbyacan arasında bölünməsi SSRİ Su Ehtiyatları Nazirliyinin 7 oktyabr 1967-ci il protokolu ilə tənzimlənib.  Protokola görə,   Samur çayının suyunun 75 faizi belə bölünüb:  33,7 faizi ekoloji tullantı, 16,7 faiz Rusiya, 49,6 faizi Azərbaycan.

1990-cı illərdən Rusiya və Dağıstan Samur çayının su ehtiyatının bərabər bölünməsini təklif edib. Azərbaycan bundan qətiyyətlə imtina edib. Azərbaycan bu qərarını Bakı və Sumqayıtda içməli su çatışmamazlığı,həmçinin suvarılan torpaqların ixtisarı nəticəsində üzləşəcəyi iqtisadi itkilərlə  ilə izah edib.

28 avqust 2010-cu ildə Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı Saziş imzalanıb. Burada həmçinin Samur çayının su ehtiyatlarından rasional istifadə edilməsi öz əksini tapıb. Tərəflər gələcəkdə su ehtiyatlarının bərabər əsasda bölünməsi, ekoloji tullantıların 30,5 faiz ölçüsündə müəyyən edilməsi  barədə razılaşıblar.

Bunun üçün iki dövlət birgə komissiya yaradıb.

“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti – XVI iclası 2019-cu ilin iyununda Bakıda keçirilib. Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, ekoloji axınların təmin olunması, məlumat mübadıləsi və digər məsələrər müzakırə edilib, növbəti görüşə kimi görüləcək tədbirlər müəyyənləşdirilib.

Azərbaycanın təsərrüfatı üçün Samur çayının olduqca böyük əhəmiyyəti var. Samur çayından hələ 1940-cı ildə Samur-Dəvəçi kanalı çəkilib, 50-ci illərin axırında isə bu kanal Ceyranbatan çökəkliyinə çatdırılıb və Abşeronda birinci böyük şirinsulu su anbarı yaradılıb. Bu kanal Samur-Dəvəçi ovalığında, Boğaz düzənliyində və Abşeron yarımadasında 100 min hektardan artıq torpağın suvarılması üçün əsas su mənbəyidir. Sumqayıt və Bakı şəhərlərinin su təchizatında da Ceyranbatan su anbarında durulan Samur sularından geniş istifadə olunur. Bununla yanaşı, bu sulardan Abşeronda yaşıllaşdırma işlərində də geniş istifadə olunur.

Azpost.info