Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi nə məqsəd daşıyır?

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı və 44 davam edən əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın böyük bir hissəsini işğalçılardan təmizlədi. Döyüş meydanında darmadağın edilən Ermənistan ordusunun artıq təslim olmaqdan başqa bir yolu yox idi. Beləliklə, noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi.

Bəyanatda yer alan önəmli məqamlardan biri də erməni silahlı qüvvələrinin çıxarılması ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlıdır.

Xalqımız üçün böyük tarixi əhəmiyyət kəsb edən bu sənədin imzalanmasından sonra Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı məsələ geniş müzakirə olunur. Ümumi mənzərə onu deməyə əsas verir ki, sülhməramlı missiyanın mahiyyəti bəzən düzgün başa düşülmür və ya ümumiyyətlə, təhrif olunur.

Sülhməramlı missiyaların təməl prinsipi sülhün və təhlükəsizliyin təmin olunmasıdır

Sülhməramlı missiyaların münaqişələrdən sonra sülhün bərqərar edilməsi, təhlükəsizliyin təmin olunması istiqamətində 1948-ci ildən bu günə qədər 70-dən çox missiya həyata keçirilib.

Atəşkəs elan edildikdən sonra münaqişə bölgələrinə göndərilən sülhməramlı missiyaların qarşısına qoyulan ən başlıca vəzifələrdən biri onların tərəfsizlik nümayiş etdirmələridir. Münaqişə tərəflərinin razılığı əsasında göndərilən sülhyaratma missiyalarının fəaliyyət istiqamətləri müxtəlif olsa da, əsas məqsəd birdir: Sülhün, təhlükəsizliyin təmin olunması.

Uzun illərdir BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər. Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-d’İvuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər.

Ümumilikdə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa, BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya vardır.

Situasiyadan asılı olaraq sülhməramlıların missiyası fərqlənir. Lakin bütün sülhməramlı missiyalar öz fəaliyyətində beynəlxalq hüquqa və BMT-nin baza prinsiplərinə əsaslanırlar, münaqişə bölgələrində sülhün və təhlükəsizliyin təmin edilməsinə dəstək verirlər.

Missiyalar bir-birindən fərqlənsə də, hər bir əməliyyata aid olan ümumi cəhətlər mövcuddur:

– Sülhməramlılar münaqişə tərəflərinin hər ikisinin razılığı əsasında müvafiq bölgəyə yerləşdirilir;

– Sülhməramlılar qərəzsiz və neytral olmalıdır;

– Sülhməramlılar yalnız mandatlarının hüdudları çərçivəsində və özünümüdafiə məqsədilə silah istifadə edə bilərlər;

– Əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə dəstək göstərilməsi missiyanın başlıca vəzifəsidir;

– Keçid dövrünün çətinliklərinin aradan qaldırılmasına və tərəflər arasında əlaqə üçün yerli qarşılıqlı işlək mexanizmlərinin yaradılmasına dəstək göstərilir;

– BMT sülhməramlıları olmayan missiyaların fəaliyyəti üçün müəyyənləşdirilən hüquqi baza və onların həyata keçirdiyi sülhməramlı əməliyyatlar beynəlxalq hüquqa əsaslanır;

Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi birgə bəyanatın icrasına dəstək məqsədi daşıyır

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanat Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə olunması, problemin həllində davamlı sülhə nail olunması istiqamətində tarixi sənəddir. Uzun illərdir davam edən və regionun davamlı inkişafına ciddi təhlükə hesab edilən münaqişəyə son qoyulur və Azərbaycanın ərazi bütövlüyü təmin edilir. Eyni zamanda, Dağlıq Qarabağda azərbaycanlı və erməni əhalinin təhlükəsiz və sülh şəraitində birgə yaşayışının təmin edilməsi münaqişənin həlli prosesində ən önəmli məsələlərdən birini təşkil edir.

O da qeyd olunmalıdır ki, Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.

Digər mühüm məqam ondan ibarətdir ki, Türkiyə və Rusiyanın müdafiə nazirləri Hulusi Akar və Sergey Şoyqu arasında videokonfrans vasitəsilə keçirilən danışıqların yekununda Qarabağda atəşkəsə nəzarət üzrə müştərək mərkəzin qurulması ilə bağlı memorandum imzalanıb. Yəni, Türkiyə də Qarabağda sülhyaratma prosesində iştirak edəcək.

Beləliklə, sülhməramlı missiya Dağlıq Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilir: dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərmək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Fransalı deputatlar Bakıdakı erməni kilsəsində olublar –

Sonrakı məqalə

Cənub Qaz Dəhlizi işə düşdü –