Dağlıq Qarabağdan olan erməni jurnalist Bakıya hansı statusla gəlib?

25 Noyabr 2019 - 18:30

Xarici İşlər Nazirliyi (XİN) Bakıya gəlib-gedən erməni jurnalistlərin arasında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin “İctimai Televiziya”sının əməkdaşının olmasına münasibət bildirib.

Modern.az-ın sorğusuna cavab verən XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Dağlıq Qarabağ ərazisi Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədlərinin tərkib hissəsini təşkil edir:

“Bildiyiniz kimi, bu ərazidə yaşayan əhali iki icmadan erməni və azərbaycanlı icmalarından ibarətdir. Hazırda müvəqqəti olaraq işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır və bölgənin erməni icmasını təşkil edirlər.

Ümumilikdə, erməni jurnalistlərinin ölkəmizə səfərinə gəldikdə, fikrimcə, bu səfər Azərbaycan, ölkəmizdə gedən inkişaf prosesləri, rifah, multikultural dəyərlər və s. haqqında qarşı tərəfin yerindəcə məlumat əldə etməsi baxımından önəmli idi”.

Xatırladaq ki, 17-21 noyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfəri təşkil olunub.
Səfər çərçivəsində azərbaycanlı jurnalistlər Ermənistanda, eləcə də ölkəmizin Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.
Erməni jurnalistlər isə Bakı, Gəncə və Qubaya baş çəkiblər.