Daha 30 min işsizə 190 manat yardım verilib –

RƏSMİ
20 Aprel 2020 - 19:39

İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən daha 30 mini üçün birdəfəlik vəsait (190 manat) köçürülüb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə  proqramının əhatə dairəsinin 3 dəfə artırılması, ümumilikdə  600 min şəxsin birdəfəlik ödəmə  ilə təminatı nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan gündəlik olaraq birdəfəlik ödənişlər həyata keçirilir. Artıq 260 min nəfər üçün ödəniş edilib və bunun üçün 49,4 milyon manat vəsait köçürülüb.