Daha sizə sözüm yoxdur… –

Etibar Cəbrayıloğlu yazır
23 Avqust 2020 - 18:13

Akademik Ramiz Mehdiyevin qılıncının dalı, qabağı, hətta ortası da kəsib-doğrayanda onu tərifləmək yarışına qoşulmadım. Əli Ramiz Ənvəroviçin cibindən çıxan adamlardan fərqli olaraq pulsuz-parasız qaldım, saytdan, qəzetdən, internet kanalından açanım da olmadı.

İndi vəziyyət dəyişib, karantin dövründə nəvəsinə toy elədiyinə görə, akademikə toy tutmaq yarışı başlayıb. Özü də damba-durumla, bir vaxtlar əli Ramiz Ənvəroviçin cibindən çıxanlar indi onun yeddi arxa dönənini yaş yuyub quru sərir. Son günlər heç havanın soyuq keçməsini də nəzərə almırlar insafsızlar.

Deyirəm, bəlkə indi tezis əsasında akademik Ramiz Mehdiyevin söyülməsi kampaniyasına qoşulum, cibim sevinsin… Məncə hələ gec deyil. Bu yazını diqqətli və sayğıdəyər oxucuların diqqətinə təqdim edirəm, bəyənsəniz saytlara verəcəm. Qoy yuxarılar görsün ki, mənim də imzam var, imzalar içində…

Ar olsun. Adam deməyə, yazmağa söz tapmır. Vətənin bu dar günündə, torpaqlarımızın 20 faizi işğal altında qaldığı, qaçqın və məcburi köçkünlərin yataqxanalarda yaşadığı bir vaxtda nəvənizə təmtəraqlı toy etdiniz. Milyonlarla vətəndaşımız 190 manat yardım almaq uğrunda əziyyət çəkərkən sizin nəvənizin toyunda göyə dəyəri yüz min manatı keçən fişənglər atıldı. Niyə belə oldu? Niyə belə olmalıdır axı? Necə əliniz gəldi toy masasında beli üstə uzanan qızardılmış toyuğu parçalamağa? Deputat, Əfqanıstan müharibəsinin qəhrəmanı, mətin kəşfiyyatçı Siyavuş Novruzovu, akademik, sabiq rektor, ictimai əsaslarla tamada Abel Məhərrəmovu qara kürüyə qonaq edəndə vicdanınız heçmi sızlamadı? Sızlamadısa daha sizə sözüm yoxdur, Ramiz Ənvəroviç!

Siz bu Vətəni heç vaxt sevmədiniz, bəli, sevmədiniz. Sevsəydiniz rəhbər vəzifədə çalışdığınız uzun-uzun illər ərzində bircə dəfə Yardımlıya gələr, Lerikə baş çəkərdiniz. Amma siz Yardımlıya, Lerikə yox, Moskvaya gedirdiniz. Çünki Lenin məhz Moskvada saxlanılırdı. Siz bu Vətəni zərrə qədər sevsəydiniz karantin dövründə nəvənizin toyunu Novxanıdakı darısqal bağınızda deyil, Tovuzda, düşmənlə üz-uzə qalıb ermənilərə göz dağı olan kəndlərimizdə qeyd edərdiniz. İşğalçı, vandal Ermənistanın və havadarlarının hücumundan bricə addım da geri çəkilməyən fədakar insanlarla bir yerdə qol götürüb oynayardınız. Amma siz kimlərlə oynadınız? Siyavuş Novruzovla, Abel Məhərrəmovla. Daha sizə sözüm yoxdur. Çünki siz həmişə düşmən dəyirmanına su tökməklə məşğul olmusunuz. Su demişkən, son aylar vətənimizdə yaşanan içməli su problemini də məhz siz yaratdınız. Kürün suyunu xüsusi təxribat nəticəsində azaltmaqla gül kimi çaya Dəli adını qoydurdunuz. Bəsdirin, Ramiz Ənvəroviç, nə istəyirsiniz bu xalqdan? Nə vermisiniz bu xalqa ala bilmirsiniz? Cammat qəpiyi qəpiyə, manatı dollara calayıb sizin göstərişinizlə oturub-duran icra başçılarını, onların qohum-əqrabalarını yedirtdi. Bəzi alimlərimiz, elm xadimlərimiz gecəni gündüzə qatıb sizi akademik etdi. Bəsdirin daha!

Sizi Milli Elmlər Akademiyasının prezidenti elədi bu xalq, indi bəs ayıb deyilmi toyda “Şuba” salatı yemək? Mən təklif edirəm ki, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti sözündən Heyət məsələsi təcili çıxarılsın. Bu biabırçılqdan sonra “Heyət” sözünün orda qalması elm məbədinə başucalığı gətirməz.

Toyun çal-çağırı kəsilib, qonaqlar dağılıb gedib, tutulan tutulub, cərimələnən cərimələnib. İndi fikirləşməyə zaman az da olsa var, düşünün, bu yoldan çəkinin. Artıq əvvəlki adamlar da sizdən üz döndərir. Bir neçə ay öncə sizin kirli corablarınızı öpməyi doğma övladını öpməkdən şərəfli iş sayan qadın baş redaktor da o gün öz saytında sizi yerlə bir elədi. Lazımdır sizə? Lazımdırsa, daha sizə sözüm yoxdur…

Hə, necədir? Anti-Ənvəroviç kampaniyasına qoşulub adımı yuxarıların kitab-dəftərinə saldıra bilərəmmi?