Sosial şəbəkələrdə Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı məlumatlar yayılıb.
“Report”un xəbərinə görə, paylaşılan cədvəldə Milli Məclis Sədrinin 7 424 manat, onun birinci müavininin 6 680 və müavinlərinin 6 308 manat, Milli Məclisin komitə sədrlərinin 5 940 manat, müavinlərinin 5 568 manat və sıravi deputatların isə 5196 manat maaş aldığı iddia edilib.
Məsələ ilə bağlı Milli Məclisin İşlər müdirinin xidmətinin Maliyyə şöbəsinin müdiri Rəna Qurbanova “Report”a açıqlama verib.
Şöbə müdiri bildirib ki, Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini – 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri – 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”.