“Dinə maraq artır, məscidlərə gələnlərin əksəriyyəti gənclərdir…” –

Hacı Şahin Həsənli
31 Avqust 2021 - 09:51

“Azərbaycanda ildən-ilə gənclər arasında dinə maraq artır”.

Azpost.info bildirir ki, bunu modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli deyib.

Son vaxtlar gənclərin dinə marağının azalması barədə iddialara münasibət bildirən din xadimi bu fikirlərlə razılaşmadığını söyləyib.

Onun sözlərinə görə, əksinə gənclərin İslam dininə marağı əvvəlki illərlə müqayisədə artır: “Cəmiyyətdə müxtəlif tendensiyalar var. Gənclərlə daimi təmasda olan bir insan kimi deyə  bilərəm ki, əksinə ildən-ilə gənclər arasında dinə maraq artır. Məsələn, hazırda məscidlərə gələnlərin əksəriyyəti gənclərdir. Ona görə də birmənalı olaraq “gənclər dindən uzaqlaşır” demək olmaz. Təbii ki, Azərbaycan dünyaya inteqrasiya olunur, müxtəlif mədəniyyətlərin təsirinə məruz qalır. Müxtəlif idealı gənclər var, dinə uzaq olana da rast gəlmək mümkündür. Bu bir qədər mürəkkəb prosesdir. Bunun statistikasını müəyyən etmək olmaz”.

Hacı Şahin qeyd edib ki, bəzi gənclərin dindən uzaqlaşmasının əsas səbəbi yanlış dini təsirlərin olması və onların səhv məlumatlandırılmasıdır. O hesab edir ki, belə halların qarşısını almaq üçün din xadimləri gənclərin suallarını cavablandırmalı, doğru məlumatları çatdırmalıdır: “Əgər kimsə dindən uzaqlaşırsa, bunun müəyyən səbəbləri ola bilər. Düzdür, SSRİ dağıldığı vaxtlarda əsasən gənclər dindən uzaqlaşırdılar. Amma, indi proses əksinədir. Ali savadlı, oxumuş gənclərimiz dinə daha çox yaxın olur. Qeyd edim ki, əgər hansısa gənc dindən uzaqlaşırsa, mən onu qınamıram. Çünki buna onların yanlış dini təsirlərə düşməsi, səhv məlumatlandırılması və yaxud da dinlə bağlı suallarının düzgün cavablandırılmaması səbəb ola bilər. Bu istiqamətdə düzgün maarifləndirmə işləri aparılmalıdır. Dini mütəxəssislər istənilən mövzuda müzakirəyə açıq olmalı, gəncləri maarifləndirməlidir”.