Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın 2019-cu il noyabrın 21-də itkin düşməsi və bu il yanvarın 6-da yanmış meyitinin tapılması ilə əlaqədar sosial şəbəkələrdəki bəzi səhifələrdə həmin azyaşlının gec tapılmasında hüquq mühafizə orqanlarını məqsədli və qərəzli olaraq ittiham etməyə cəhdlər göstərilir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən verilən birgə məlumata görə, 2019-cu il noyabrın 21-də saat 23 radələrində vətəndaş Şərif Quliyev Daxili İşlər Nazirliyinin “102 – Xidməti”nə zəng edərək qızı Nərmin Quliyevanın evdən getməsi və geri qayıtmaması barədə məlumat vermis, həmçinin eyni məzmunlu ərizə ilə Tovuz rayon Polis Şöbəsinə müraciət etmişdir.
Polisdə dərhal lazımi araşdırmalara başlanılaraq Şərif Quliyevin və aidiyyəti kənd sakinlərinin izahatı alınmış, yaşadığı evə baxış keçirilmiş, zəruri əməliyyat tapşırıqları verilmiş və toplanmış materiallar 2019-cu il noyabrın 28-də Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə göndərilmişdir.
Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb edilmişlər.
Yanvarın 6-da azyaşlının meyitinin aşkar olunması ilə əlaqədar dərhal Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və digər əməkdaşları, eləcə də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təcrübəli mütəxəssisləri Tovuz rayonuna ezam olunmuşlar.
Müəyyən edilmişdir ki, Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərmiş və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşmüşdür.
2020-ci il yanvarın 6-da saat 19:30 radələrində isə kənd sakini İlkin Süleymanov evlərindən təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar etmiş və bu barədə dərhal polisə məlumat vermişdir.
Təxirəsalınmadan hadisə yerinə və meyitə mərhumun atasının və əmisinin iştirakı ilə baxış keçirilmiş, iş üzrə məhkəmə-tibbi, kriminalistik, bioloji, kimyəvi ekspertizalar təyin edilmiş, çoxsaylı şahidlər dindirilmiş, aidiyyəti orqanlara sorğular və əməliyyat tapşırıqları göndərilmişdir.
Cinayətin qısa müddətdə açılması və onu törətmiş şəxsin yaxud şəxslərin müəyyənləşdirilməsi üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri keçirilir. Nəticələri barədə əlavə məlumat veriləcəkdir.