Dini Komitə tender qalmaqalı ilə bağlı açıqlama verdi

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və bu sahədə maarifləndirmə işinin aparılması daxildir”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, Komitənin vəzifələri sırasına dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və bu sahədə maarifləndirmə işinin aparılması daxildir”. Buna əsasən də, hər il Komitə tərəfindən müxtəlif adlarda onlarla tədbir həyata keçirilib və bu işlər bu gün də mövcud vəziyyətlə əlaqədar günün tələbləri çərçivəsində onlayn formatda aparılmaqdadır.

“Dövlət Komitəsinin indiyə qədər təşkil etdiyi tədbirlərin mahiyyəti, formatı, iştirakçıları və nəticələri barədə məlumat almaq üçün dövrü mətbuata, sosial mediaya ötəri göz gəzdirmək kifayətdir. Lakin təəssüf ki, bu fəaliyyətə bəzən kölgə salmaq cəhdləri də olur. Bu mənada dünən və bu gün tarixində bəzi saytlarda və sosial şəbəkədə Komitə ilə əlaqədər yayılan, amma həqiqəti əks etdirməyən bir məsələyə münasibət bildirməyə ehtiyac duyuruq.

Birincisi, qeyd edək ki, Dövlət Komitəsinin fəaliyyətinin tərkib hissəsi kimi təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq maarifləndirmə işi çərçivəsində müxtəlif mövzularda Bakı şəhərində və regionlarda 2020-ci il üçün nəzərdə tutulan tədbirlərin keçirilməsi məqsədilə 19 fevral 2020-ci il tarixində 5 açıq tender elanı verilib”.

Məlumatda qeyd olunub ki, açıq tenderin keçirilməsində hansısa qanun pozuntusuna yol verilməyib: “Ümumiyyətlə, açıq tenderlərin keçirilməsi “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq etender.az portalı vasitəsi ilə onlayn qaydada həyata keçirilir. Qanunvericiliyə əsasən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının təmin edilməsi məcburidir. Sahibkarlıq subyektləri də istənilən tenderin iştirak haqqını ödəməklə şərtlər toplusunu onlayn olaraq əldə edir və lazımi sənədləri onlayn qaydada təqdim etməklə tender təklifini verir. Ən aşağı qiymət təklifi təqdim edən təşkilat qalib elan olunur. Tender prosedurunda ən azı üç sahibkarlıq subyektinin təklif verməsi tələb edilir. Əks təqdirdə tender baş tutmamış sayılır.Tenderdə hər subyektin yalnız 1 təklif təqdim etməsi tələb olunur. Tender iştirakçıları arasında sövdələşmə ehtimalının ola biləcəyi təsdiqlənərsə həmin iştirakçılar tender prosedurundan kənarlaşdırılır.

Göründüyü kimi, bütün prosesler onlayn qaydada və tam qanunauyğun formada şəffaf həyata keçirilib. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçilmiş tender proseduru müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınıb. Qalib təşkilatlarla müqavilə bağlanılıb, lakin pandemiya ilə əlaqədar ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi qeyri-müəyyən zamana təxirə salındığından elan olunmuş tədbirlər keçirilməyib və bağlanılmış müqavilələr üzrə Dövlət Komitəsi hansısa ödəniş həyata keçirməyib.

Bir daha bildiririk ki, Dövlət Komitəsinin pandemiya dövründə təşkil etdiyi bütün tədbirlər onlayn formatda olub və bunun üçün dövlət büdcəsindən 1 manat da olsun vəsait xərclənməyib. Əvvəlcədən nəzərdə tutulmuş maarifçilik işinin pandemiya dövrünün tələbləri nəzərə alınmaqla onlayn formatda həyata keçirilməsi üçün Dövlət Komitəsinin imkanları səfərbər olunub, əməkdaşlarımızın bir hissəsinin bu istiqamətdə fəaliyyəti evdən təşkil edilib. Odur ki, qarşı tərəfin mövqeyini öyrənmədən, sadəcə rəqəmlərə istinad etməklə fikir yürütmək, qanuni keçirilmiş tenderə kölgə salmaq, üstəlik dövlət qurumunu ümumiyyətlə toxunulmayan maliyyə vəsaitindən düzgün istifadə etməməkdə günahlandırmağı açıq-aydın məqsədyönlü qaralama və qərəz kimi görürük.

Media qurumlarından xahiş edirik ki, Dövlət Komitəsinin fəaliyyətinə aid olan bütün məlumatları Komitənin Mətbuat Xidməti ilə dəqiqləşdirsinlər. Əks təqdirdə yayılan informasiyalar cəmiyyətdə yanlış rəy formalaşdırmaqla yanaşı, media qurumlarının işgüzar nüfuzuna da ciddi zərbə vurur”, – deyə Komitənin məlumatında bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlətə xəyanət edən ər-arvad həbs olunub-

Sonrakı məqalə

Avqust ayı üçün hava proqnozu