“Diplomatiya İranı danışıqlara qaytara bilməsə, başqa variantlara hazırıq” –

ABŞ
06 Oktyabr 2021 - 07:05

“Əgər diplomatiya İranı nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına qaytara bilməsə, ABŞ başqa tədbirlər görə bilər”.

Bunu ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Ağ Evdə keçirilən Amerika-İsrail Strateji Məsləhət Qrupunun növbəti iclasında bildirib.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn toplantıdan sonra yazılı açıqlamasında
Sallivanın fikirlərini şərh edib.

Bildirib ki, Sallivan toplantıda prezident Baydenin İsrailin təhlükəsizliyi və İranın heç vaxt nüvə silahı əldə etməməsi ilə bağlı əsas öhdəliyini vurğulayıb: “ABŞ rəhbərliyinin diplomatiyanı buna nail olmağın ən yaxşı yolu olaraq gördüyünü izah edən Sallivan, bu istiqamətin uğursuz olacağı təqdirdə ABŞ-ın başqa variantlara əl atmağa hazır olduğunu bildirdi”.

Lakin müzakirələr zamanı söhbətin konkret olaraq hansı addımlardan getdiyi açıqlanmayıb.

Horn əlavə edib ki, tərəflər bölgənin təhlükəsizliyinə və sabitliyinə təsir edən ən aktual mövzularda fikir mübadiləsi apararaq İsrailə və regional tərəfdaşlara qarşı təhdidlərə qarşı ortaq bir qətiyyət ifadə ediblər: “ABŞ-la İsrail açıq və konstruktiv bir dialoq saxlamağa, habelə müvafiq qrupları arasında İsrailin milli təhlükəsizliyinə, regional sabitliyə təsir edən mövzularda koordinasiyanı daha da dərinləşdirməyə razılaşıblar”.