DÖVLƏT SATINALMALARINDA ŞƏFFAFLIĞI NECƏ TƏMİN ETMƏLİ?-

Azərbaycan xarici təcürbədən nələri öyrənməlidir
08 İyul 2020 - 18:55

Əliməmməd Nuriyev

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB İcraçı direktoru

 

Azərbaycanda korrupsiya riski yüksək olan sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Bu sahədə şəffaflıq və hesabatlılığın artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, İKT-dən daha geniş miqyasda istifadə olunması və yeni antikorrupsiya alətlərinin, qabaqcıl dünya təcrübəsinin tətbiq edilməsinə ciddi ehtiyac var.

2018-ci ildə “Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişikliyə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə “Dövlət satınalmalarının vahid elektron portalı” yaradılıb. Açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və düzgün rəqabətliliyin artırılmasına, mikro, kiçik və orta sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir. Lakin bu dövlət satınalmaları sektorunda mövcud problemlərin həlli üçün yetərli deyil.

Mövcud problemlərin həlli üçün, ümumiyyətlə, dövlət satınalmaları sahəsində yeni yanaşma, innovasiyalar tətbiq olunmalıdır. Bütövlükdə, indiki sistem, qanunvericilik bazası və mexanizmlər şəffaflıq və hesabatlılığ, korrupsiya hallarına qarşı effektiv mübarizəni yetərli qədər təmin edə bilmir. Bu sahədə problemlərin miqyası Hesablama Palatasının məlumatlarında da açıq görünür. Platanın məlumatına əsasən 2018-ci ildə satınalan təşkilatlar tərəfindən 8964 müsabiqə əsaslı satınalma keçirilib. Lakin dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) 5463 satınalma müqaviləsi barədə məlumat yerləşdirilib.

Hesablama Palatasının 2019-cu ildə dövlət orqanlarında aparılmış yoxlamalarla bağlı hesabatında qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi əsas pozuntuların qeydə alındığı sahələrdən biri dövlət satınalmalarıdır. Bu Hesabatda açıq şəkildə qeyd edilib ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir.

Bu sahədə korrupsiya hallarının aradan qaldırılması, şəffaflıq və hesabatlılığın təmin edilməsi üçün daha miqyaslı islahatlara, daha ciddi təşəbbüs və addımlara ehtiyac var. Bu islahatlara olan ehtiyacı nəzərə alaraq Beynəlxalq Şəffaflıq Təşkilatının (Transpatency İnternational) milli bölməsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İB (Transparency Azerbaijan) ABŞ-ın German Marşal Fondunun Qara dəniz İşbirliyi Proqramının dəstəyi ilə “Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi” layihəsini həyata keçirir.

Layihə bir neçə komponeti əhatə edir. Bura a) satınalamalar haqqında qanunvericiliyin və mövcud prosedurların, parktikanın beynəlxalq təşkilatların tövsiyyələri və standartları, xarici ölkələrin təcrübəsi ilə müqayisəli təhlili; b) vahid satınalamlar portalının işinin analizi və monitoriniqi; c) dövlət satınalamalarında müşahidə olunan tipik nöqsan və çatışmazlıqların aşkarlanması və sistemləşdirilməsi; d) özəl sektorun dövlət satınalmalarında iştirakı zamanı üzləşdiyi çətinliklərin araşdırılması və onların təkliflərinin toplanması; f) Azərbaycanda dövlət satınalmalarının zəif və gücülü tərəflərinin, problemərinin təsvir edildiyi hesabat və islahatlar gündəliyinin müəyyən olunması üçün təkliflər paketinin hazırlanması daxildir.

Geniş auditoriyanın məlumatlandırılması üçün layihə fəaliyyətləri və nəticələrlə əlaqədar mütəmadi olaraq məqalələrin dərc olunmasını nəzərdə tutmuşuq.

 

Dövlət satınalmalırnda şəffaflıq və hesabatlılıq prinsipləri

Apardığmız təhlilər göstərir ki, Azərbaycanda dövlət satınalmalarında şəffaflıq, hesabatlığın təmin edilməsi, korrupsiya hallarına qarşı səmərəli mübarizə mexanizmləri yaradılması üçün beynəlxalq təcrübədən istifadə olunması zərurəti var. “ Azərbaycanda dövlət satınalmaları sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Gürcüstan, Türkiyə, Ukrayna təcrübəsi layihə ekspertləri tərəfindən araşdırılıb, eyni zamanda beynəlxalq təşkilatları Dünya Ticarət Təşkilatının, İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) prinsiplərini, tövsiyyələri öyrənilib. Həmçinin, bu təcrübələrdən istifadə üçün təkliflər hazırlanıb. Bu məqalədə Gürcüstan, Türkiyə, Ukrayna təcrübəsində şəffaflıq və hesabatlığın təmin olunması ilə əlaqədar tətbiq olunan alət və prosedurlar diqqətə çatdırılır. Hansı ki, bu təcrübələr Azərbaycanda ya tətbiq edilmir, yaxud qismən tətbiq edilir.

İqtisadi Əməkdaşlıq və İnkişaf (OECD) təşkilatı beynəlxalq institutlar içərisində dövlət satınlamlarının səmərəliliyini və şəffaflığını əsas prioritetləri sırasına daxil edən azsaylı qurumlardan biridir. Təşkilatın ixtiyarı ölkədə dövlət satınlamalarının mövcud durumunu qiymətləndirmək üçün müvafiq sistemi var və bu sistem Satınalma Sisteminin Qiymətləndirilməsi Metodologiyası (MAPS – Metodology for Assessing Procurement Systems) adlandırılır. OECD dövlət satınalmalarının effektiv çalışması üçün 12 prinsipi müəyyənləşdirib. Bu prinsiplərdən “Şəffaflıq” və “Hesabatlılıq” prinsiplərinə nəzər salaq.

Şəffaflıq – bu prinsip satınalma prosesinin bütün mərhələlərində diskriminasiya tətbiq etmədən bütün potensial təchizatçılara bərabər yanaşmağı, eyni dərəcədə ədalətli və şəffaf mühit təmin etməyi, bütün maraqlı tərəflərə intrenet vasitəsilə satınalmalara dair məlumatlar verməyi, satınalma prosesinin əvvəlindən sonunadək satınalma üzrə dövlət vəsaitlərinin axınlarını izləmək üçün şərait yaratmağı nəzərdə tutur.

Hesabatlılıq- bu prinsip satınalmalar üzərində effektiv daxili və xarici nəzarətin qurulmasını və onların bir-birilə inteqrasiyasını, ədalətli və şəffaf şikayət mexanizmlərinin olmasını, bütün mərhələlərlə bağlı aşkarlanan problemlərlə bağlı ictimaiyyətin məlumatlandırılmasını nəzərdə tutur.

Dünya Ticarət Təşkilatının satınlamalarla bağlı yanaşma və standartlarında qeyd edilir ki, ictimai resurslar effektiv xərclənməli, satınalma prosedurları tam şəffaf olmalı, satınalma prosesində maraqların toqquşması və korrupsiya hallarının qarşısını alan səmərəli mexanizmlər tətbiq edilməlidir

Bu prinsiplərin Gürcüstan, Türkiyə,Ukrayna təcrübəsinə necə tətbiq edildiyinə nəzər salaq.

 

Gürcüstan təcrübəsi

Ölkənin təcrübəsində ən geniş yayılmış üsul elektron tenderlərdir və dövlət satınalınmalarının 70%-dən çoxu bu üsulun payına düşür.

Gürcüstanda son illər qanunvericilikdə aparılan dəyişikliklərdən biri də “lot” anlayışından imtina edilməsidir. Satınalma Agentliyinin müəyyən etdiyi meyarlara əsasən, pis reputasiya qazanmış biznes subyektlərinin elektron qaydada “qara siyahısı” hazırlanır və bu siyahı qurumun internet saytı vasitəsilə ictimailəşdirilir. Agentlik bu siyahıya düşən təsərrüfat subyektlərini 1 il müddətədək diskvalifikasiya edərək dövlət satınalınmalarından kənarda saxlaya bilir.

Eyni zamanda dövri olaraq ixtisaslı və peşəkar səviyyədə, müqavilə şərtlərini tam icra edən malgöndərənlərin “ağ siyahısı” hazırlanır və yayılır.

Maraqlanan şəxslər təchizatçıların elektron katoloqunu əldə etmək imkanına malikdirlər. Bu baza elektron (onlayn) bazar məlumat sistemi rolunu oynayır. Orda satınalan təşkilatlara potensial olaraq mal, iş və xidmət təqdim edəcək bütün biznes subyetkləri və onların qiymətləri, saytları, əlaqə vasitələri barədə məlumat əks olunur. Bu məluamatlara xüsusi elektron platforma – http://emarket.spa.ge/ vasitəsilə çıxış mümkündür.

Ölkədə dövlət satınalmalarının şəffaflığının və informasiya açıqlığının təmin edilməsi üçün bir sıra fərqli online platformaların da imkanlarından istifadə edilir. Məsələn, http://opendata.spa.ge saytında satınalmalarla bağlı geniş informasiya bazası mövcuddur. Saytda konkret müqavilələr üzrə dövlət adından satınalan təşkilat, onun təchizatçısı, müqavilənin dəyəri, tender elanının tarixi barədə məlumat bazası yaradılıb. Bazada hökumətin satınalma saytına link qoyulub və müvafiq tender nümunəsinin üzərinə basıldıqda tender saytında həmin müqavilər üzrə bütün məlumat çıxış təmin edilir.

Gürcüstanda satınalmalarda şəffaflığın təmin edilməsi, xüsusilə maraqlar ziddiyətinin ictimai monitorinqi baxımından vacib olan daha bir baza onlayn qaydada çalışır. Söhbət hüquqi şəxslərin elektron reyestrindən gedir. İstənilən şəxs http://napr.gov.ge saytından istifadə etməklə bütün şirkətlərin və onların sahibləri barədə məlumat əldə edə bilirlər.

Gürcüstanda “Transparency International Georgia” təşlkilatının təşkilatçılığı ilıə şəkildə https://tendermonitor.ge/en saytı fəaliyyət göstərir. Bu portal risk faktorlarına görə, tender müqavilələrinin bazasını hazırlayır və ictimailəşdirir. Bunun üçün təşkilat ekspertləri xüsusi indikatorlar sistemi hazırlayıb.

Elektron sistem satınalmalarda iştirak etmiş rəqiblərin (iddiaçı və iştirakçılar) adları və onların qiymət təklifləri barədə məlumat almaq imkanı verir. Bağlanmış müqavilələr barədə ətraflı informasiya təqdim olunur.

 

Türkiyə təcrübəsi

 

Türkiyədə dövlət satınalamaları yalnız 3 üsulla – açıq tender, bəlli təchizatçılar arasında müsabiqə və sövdələmə üsulu ilə həyata keçirilə bilər.

Satınalma barədə elanlar, zəruri sənədlərin bəyan edilməsi, hazırlanması və təqdim edilməsi, iştirak və ixtisasla bağlı sənədlərin yayımlanması, satınalma prosesinin aparılması və yekunlaşdırılması, nəticələrin təsdiqlənməsi və yekun tender qərarlarının elan edilməsi, müqavilənin imzalanması əlaqəli bütün mərhələlər Elektron Dövlət Satınalma Platforması vasitəsilə həyata keçirilir.

Türkiyədə elektron dövlət satınalmaları sistemi son 10 ildə inkişaf etməyə başlayıb. Türkiyədə dövlət satınalmaları üzrə məsul qurumun internet resursu https://www.ihale.gov.tr/ saytıdır. Dövlət adından gedən bütün satınalmaların statistik bazası, qanunvericilik, iştirakçıların müraciət və şikayətlərlə bağlı əlaqə və əksəlaqə imkanları, qurumun hesabatları, satınlamada iştirakına məhdudiyyət və qadağa qoyulmuş subyektlərin siyahısı və s. kimi bütün zəruri informasiyalar, materiallar bu sayt üzərindən həyata keçilir. Lakin elektron satınalmanın təşkili avtonom rejimdə çalışan EKAP platformasının internet resursu – www.ekap.kik.gov.tr bazası vasitəsilə reallaşdırılır.

Elektron satınalma portalının həm iştirakçılar, həm də digər maraqlı tərəflər (vətəndaş cəmiyyəti və media təmsilçiləri, mövzu ilə bağlı müstəqil araşdırmaçılar və s.) təqdim etdiyi əsas imkanlardan biri “Satınalma axtarış” sistemidir. Axtarış sistemi peşəkar tələblərə uyğundur və istifadəçilər üçün kifayət qədər sadə və asan axtarış imkanı yaradır. Axtarış sistemi çoxsaylı “filtir”lər üzərində qurulub. Məsələn, satınalmanın başlanma və ya bitmə tarixinə, satınalma üsuluna və və satınalmanın formasına, müqavilənin qeydiyyat nömrəsinə, satınalma durumuna (elanı verimiş, artıq icrasına başlanmış, bitmiş, icrası dayandırılaraq ləğv edilmiş və s.), sifarişçi təşkilatın və ya onun tabe olduğu mərkəzi təşkilatın adına, yerləşdiyi bölgəyə uyğun olaraq axtarış aparıla bilər. Bu cür fərqli filtrlər“ üzərindən məlumat bazasının və axtarış sisteminin formalaşdırılması həm səlahiyyətli qurumun özünün, həm də ixtisaslaşmış ictimai institutların effektiv monitorinq imkanını artırır.

Ukrayna təcrübəsi

Ukrayna son 6 ildə “Prozorro” (ukraynca “şəffaflıq”) elektron tender sistemilə dünyanın diqqətini özünə cəlb edə bilib. Yeni sistem bir sıra mühüm prinsiplər üzərində qurulub. Məsələn, sistem elə şəffaf olmalıdır ki, bütün iştirakçılar satınalmalarla bütün məsələləri maneəsiz görə bilsinlər, Yəni sistem tam açıq mənbə olsun, dövlətə məxsus vahid data mərkəz qurulsun və bu mərkəzə ticarət platformalarının manesiz girişi olsun, bi ticarət platformalarının vahid məlumat mərkəzinə daxil olması təmin edilsin.

Dövlət satınlamalarına qanunvericilik bütün satınalma prosedur və əməliyyatlarının tam elektron üsullarla həyata keçirilməsini və bütün satınalma məlumatlarının ictimaiyyətin açıq, həmçinin ödənişsiz şəkildə əlçatan olmasını nəzərdə tutur.

Qanun cəmi 3 satınalma prosedurunun tətbiqini nəzərdə tutur – açıq tender, rəqabətli dialoq və danışıqlar proseduru. Hər 3 prosedurun yalnız elektron hərraclar vasitəsilə təşkilinə icazə verilir.

Xüsusilə http://dozorro.org elektron resursunun fəaliyyəti diqqəti cəlb edir. Bu monitorinq portalında bütün tərəflər, yəni podratçı, satınalan təşkilat, nəzarət edən qurum, vətəndaş, rəqabətə zərər vuran faktları ictimailəşdirə bilirlər. Maraqlı tərəflər və iştirakçılar satınalan və podratçı təşkilata rəy vermək, onlarla müzakirə aparmaq, hər hansı satınalma elanın şərtlərini aydınlaşdırmaq imkanına malikdirlər. Bununla bərabər, hər hansı dövlət qurumunun satınalma profilini təhlil etmək və nəzarət edən qurumlara şikayət etmək mümkündür.Proseslə bağlı çox operativ şikayət mexanizmi mövcuddur. Böyük məbləğli tenderlərdə malgöndərən kimi prosesə qatılan subyektlər prosesdən narazı qaldıqları təqdirdə Ukrayna Antiinhisar Komitəsinə baş vura, elektron ticarət platformasından birbaşa olaraq komitənin hesabına öz şikayətlərini yönləndirə bilərlər.

Elektron hərraclar modulu bu linkdə hər kəs üçün açıqdır və https://auction.ea.openprocurement.org/ portalı üzərindən real vaxt rejimində auksionu izləməyə imkan verir.